İkiqat paralimpiya çempionu Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransında çıxış edib
Azərbaycan Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransında çıxış edib.

İlham Zəkiyev tədbirdəki çıxışında Azərbaycanda Paralimpiya hərəkatı haqqında geniş bəhs edib, ölkəmizdə dövlətin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanla yanaşı, bütün sahələrin inkişaf etdiyini bildirib.

Paralimpiya çempionu tədbirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq, torpaqlarımızın bir hissəsinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduğunu söyləyib. İlham Zəkiyev qeyd edib ki, sağlamlıq imkanlarını doğma torpağımız uğrunda, Qarabağ döyüşlərində itirib.

Sonda İlham Zəkiyevə Azərbaycan Gömrük Komitəsinin xatirə hədiyyəsi təqdim olunub.

AZƏRTAC

Xəbər 795 dəfə oxundu.