Ramin Musayev: “Gəlin, hakimə inanaq”
“Lənkərandakı oyunda hər iki komandanın rəsmiləri hakim idarəçiliyi ilə bağlı narazılıqlarını bildirib. Ancaq heç biri konkret epizod göstərməyib”. İdman.com.az saytının məlumatına görə, bu fikri apasport.az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. PFL rəhbəri Unibank Premyer Liqasının XXXI turunda Rəhim Həsənovun idarə etdiyi “Xəzər Lənkəran” – “Qəbələ” matçındakı mübahisəli epizodlara münasibətini bildirib. Cənub təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirov apasport.az saytına açıqlamasında komandasının sayılmayan qolu ilə bağlı narazılığını bildirərək, həmin epizodda ofsayd olmadığını söyləyib. Amma Musayevin fikrincə, hakim düzgün qərar çıxarıb:
“Əgər hakim-inspektorun fikri də hakimin qərarı ilə üst-üstə düşürsə, deməli, qərar düzdür. Klublar etiraz elədi-eləmədi, biz hər turdan sonra oyunların videoyazısına baxırıq. Bu, bizim işimizdir. Həmin matça baxmışam və hakimin nəticəyə təsir edən səhvi olmayıb. “Qəbələ”nin vurduğu qol zamanı topun qapı xəttini keçməsi ilə bağlı epizodda hakimin haqlı olduğunu düşünürəm. Gəlin, hakimə inanaq. O, həmin epizoda yaxın idi və topun xəttini keçdiyini görübsə, deməli, qolu saymaqla bağlı qərarı doğrudur. Özü də “Xəzər Lənkəran”ın futbolçuları da qolun sayılmasına etiraz etmədilər”.

Azərbaycanın ən gənc FİFA hakimi olan Anar Salmanovun XXIX turda 2:2 hesabı ilə nəticələnən “Turan” – “Rəvan” oyunundakı idarəçiliyi birmənalı qarşılanmamışdı. Belə ki, 32 yaşlı hakim 3 penalti, 1 qırmızı vərəqə verdiyi matçdan sonra təyinat almır. Bunun da onun yol verdiyi səhvlərə görə 5 oyunluq cəza almağı nəticəsində mövsümü vaxtından əvvəl başa vurmağı ilə əlaqədar olduğu söylənilir.

Amma Musayev bu xəbəri təsdiqləməyib: “Salmanovun cəzalandırılmağı haqda məndə məlumat yoxdur. Cəza olsaydı, mən də bilərdim. Bildiyimə görə, zədəli olduğundan Anara son turlar təyinat verilmir”.

Xəbər 1155 dəfə oxundu.