Bu gün “Avro 2020”nin seçmə mərhələsinin dördüncü turuna start veriləcək
İyunun 10-da “Avro 2020” seçmə mərhələsinin dördüncü turuna start veriləcək.

Turun birinci oyun günündə 12 görüş keçiriləcək.

A qrupunda yer alan Çexiya millisi öz meydanında Monteneqro, Kosovo isə səfərdə Bolqarıstan yığması ilə qarşılaşacaq. Bu qrupa 6 xalla İngiltərə millisi başçılıq edir. Çexiya 3 xalla ikincidir. Kosovo, Bolqarıstan və Monteneqro yığmaları isə hərəyə iki xal toplayıblar.

Ötən turda B qrupunda Serbiyanı 5:0 hesabı ilə darmadağın edən Ukrayna yığması qrupda gözlənilməz nəticələrə imza atan Lüksemburqu qəbul edəcək. Bu komandalar 3 turdan ilk 2 pillədə qərarlaşıblar. Digər oyunda isə hazırda 1 xalla qrupda austsayderlər olan Litva və Serbiya üz-üzə gələcəklər. UEFA Millətlər Liqasının ilk qalibi olan Portuqaliya yığması isə 2 xalla bu qrupda üçüncü yerdə qərarlaşıb.

D qrupunda Cəbəllütariq səfərdə İrlandiyanın, Gürcüstan isə Danimarka yığmasının qonağı olacaq. İrlandiya millisi 7 xalla bu qrupda liderlik edir. İsveçrə 4 xalla ikinci, Gürcüstan 3 xalla üçüncü, Danimarka 2 xalla dördüncüdür. Xalı olmayan Cəbəllütariq sonuncu – beşinci yerdədir.

Seçmə mərhələnin favoriti sayılan İspaniya millisi İsveç yığmasını qəbul edəcək. Malta Ruminiyanı, Farer Adaları isə Norveçi qəbul edəcək. Bu qrupa üç oyunda maksimum xal toplayan İspaniya millisi başçılıq edir. İsveç millisi 7 xalla ikinci, Rumıniya 4 xalla üçüncü, Malta 3 xalla dördüncü, Norveç 2 xalla beşincidir. Aktivində xalı olmayan Farer Adaları isə altıncı pillədədir.

G qrupunda 7 xalı olan İsrail millisi 9 xalla qrupa liderlik edən Polşa yığması ilə görüşəcək. Xalı olmayan Latviya seçməsi Sloveniyanı (2 xal), Makedoniya (4 xal) isə Avstriyanı (3 xal) qəbul edəcək.

Görüşlər Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbər 734 dəfə oxundu.