Tikilməkdə olan Goranboy Olimpiya İdman Kompleksi modern memarlıq üslubunda layihələndirilib
Regionlarda inşa olunan müasir idman kompleksləri idmanın kütləviliyinin təmin edilməsində, gələcək idmançıların yetişdirilməsində mühüm rol oynayır


Azərbaycan bu gün dünyada idman ölkəsi, mötəbər beynəlxalq yarışların keçirildiyi məkan kimi tanınır. Bu uğurların qazanılmasında paytaxtımızla yanaşı, regionlarda inşa edilən müasir Olimpiya İdman komplekslərinin və idman qurğularının böyük rolu var. Hazırda bu istiqamətdə işlər davam etdirilir, Gənclər və İdman Nazirliyinin sifarişi ilə Tərtər, Yardımlı, Neftçala və Goranboy rayonlarında yeni Olimpiya İdman kompleksləri inşa olunur.

Gənclər və İdman Nazirliyinin maliyyə və maddi-texniki təchizat şöbəsinin sektor müdiri Elmir Mehdiyev müsahibəsində bildirib ki, son illər Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ölkəmizin idman infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən bazanın yaradılması istiqamətində əsaslı işlər görülüb.

Bu işlər sırasında 5-i Bakı şəhərində və 40-ı regionlarda olmaqla inşa edilmiş Olimpiya İdman komplekslərini, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Milli Gimnastika Arenası və digər bu kimi iri idman qurğularını, eləcə də mövcud idman obyektlərinin əsaslı təmir və yenidənqurma işlərini misal göstərmək olar. İdmanın müxtəlif növləri üzrə Azərbaycan milli komandalarının təlim-məşq toplanışlarının, idmançıların gündəlik məşqlərinin, həmçinin beynəlxalq idman turnirlərinin, respublika və zona yarışlarının keçirildiyi bu idman obyektləri, eyni zamanda, əhalinin də üz tutduğu məkanlardandır.

İdman infrastrukturunun yenilənməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülmüş işlərin yalnız qeyd edilən iri idman obyektləri ilə məhdudlaşmadığını deyən Elmir Mehdiyev diqqətə çatdırıb ki, eyni zamanda, son 10 ildə təkcə Gənclər və İdman Nazirliyinin sifarişi ilə Bakı şəhərinin qəsəbələrində 9 idman zalı, mini-futbol və digər idman meydançaları, şahmat məktəbi tikilib istifadəyə verilib. Bu işlər, eyni zamanda, regionları da əhatə edib. Növbəti illərdə paytaxtın Səngəçal, Ələt, Qobustan, Qaraçuxur, Bülbülə, Türkan, Qala qəsəbələrində də bu kimi idman zalları və meydançaların tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Goranboy Olimpiya İdman Kompleksinin tikintisi barədə məlumat verən E.Mehdiyev deyib: “Bu kompleks modern memarlıq üslubunda layihələndirilib. Tikinti işləri qrafikə və tikinti norma və qaydalarına uyğun olaraq yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Kompleksin ərazisi 2,8 hektar, tikintialtı sahəsi 5900 kvadratmetr, ümumi sahəsi 9137 kvadratmetrdir. Kompleksdə 1100 tamaşaçı tribunası olan basketbol, voleybol, həndbol, mini-futbol yarışlarının keçirilməsi üçün universal idman stadionunun tikintisi planlaşdırılır. Burada, həmçinin üzgüçülük, güləş, boks, trenajor, şahmat, konfrans zalları, yeməkxana, inzibati otaqlar tikiləcək. Eyni zamanda, baş plana əsasən ərazidə üçmərtəbəli 45 çarpayı yerlik mehmanxana və uşaqlar üçün meydançanın inşası nəzərdə tutulur”.

Nazirliyin sektor müdiri əlavə edib ki, kompleksdə layihə üzrə avtonom qazanxana, transformator yarımstansiyası, yeraltı su anbarları və digər köməkçi sahələr də inşa olunacaq, fasiləsiz elektrik, su, qaz təchizatı məqsədilə buraya müvafiq kommunikasiya xətləri çəkiləcək. Ərazidə abadlıq, yaşıllaşdırma işləri həyata keçiriləcək. Kompleks müasir havalandırma, isitmə, soyutma və digər sistemlərlə təchiz ediləcək. İdman qurğusundan fiziki imkanları məhdud tamaşaçıların və idmançıların tam və təhlükəsiz istifadə etmələri üçün hər cür şərait yaradılacaq.

Hazırda kompleksin əsas binasında dəmir-beton konstruksiyalar quraşdırılır, hörgü, izolyasiya və digər işlər görülür. Ərazidə şaquli planlaşdırma və digər torpaq işləri yerinə yetirilir. Kompleksdə işlərin təxminən 20 faizi yekunlaşıb.

Qeyd edək ki, belə Olimpiya İdman komplekslərinin yaradılması regionlarda idmanın kütləviliyinin təmin edilməsində, bölgələrdə yaşayan gənclərin sağlam həyat tərzi keçirməsində, gələcək idmançıların yetişdirilməsində mühüm rol oynayır.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda Olimpiya komplekslərinin tikintisinin davam etdiriləcəyini, 2019-cu ildə daha üç Olimpiya Kompleksinin açılışının gözlənildiyini bildirib. Həmin komplekslərdən biri - Beyləqan Olimpiya İdman Kompleksi cari il fevralın 13-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.


AZƏRTAC

Xəbər 1066 dəfə oxundu.