Katalansayağı vidalaşma
«Barselona»dakı 4 ilində klubun tarixində ən yaxşı dövrü keçirən baş məşqçi Quardiola bütün rekordları təzələyib, 18 mümkün mükafatdan 13-nü qazandı. Hələ ölkə kuboku finalında bu rəqəmin artma etimalı da böyükdür.
İdman.com.az saytının məlmatına görə, baş məşqçinin bu qədər uğurun yekununda klubdan gedişi böyük həyəcanla qarşılanır. Azarkeşlər ilk olaraq twitter-də və facebook-da ona minnətdarlıq imzaları toplamağa başladılar.

Sonra klub bu işin təşkilinə keçib, imzalama prosesini stadionun divarlarında nəhəng kağızların üzərinə keçirtdi. «Kamp Nou»dakı son oyun qabağı burada imza qoymağa gələnlərin növbəsinin ucu-bucağı yox idi. Bu divarlarda hər dildə yazıya rast gəlmək olardı – katalnca, ispanca, ingiliscə, yaponca, çincə, ərəbcə və s. Bu qədər kağızın hara gedəcəyi məlum olmasa da, onları gün ərzində bir neçə dəfə dəyişib təzələdilər. İmzalara kağızlar bəs etmirdi və staionun qarşısında asfalta sərilmiş «Barselona»nın formasının rəngindəki böyük parçanın da üzəri yazı ilə doldurulurdu.

Oyunqabağı stadionun oturacaqlarına «Çox sağol, Pep» yazılmış 90 min katalan bayrağı qoyulmuşdu. Və bir də tribunaların bir hissəsini «Biz səni sevirik, Pep» yazılmış nəhəng parça örtmüşdü. Cəmi bir dəqiqə duran bu parçanın altında artıq oyun gedən vaxtı qaranlıqda qalıb izləmək imkanından məhrum minlərlə azarkeş qalmışdı.
Bu, planetin ən nəhəng klubuna ən böyük uğurlar bəxş etmiş mütəxəssislə katalansayağı vidalaşma idi.

Xəbər 1004 dəfə oxundu.