Karateçilərimiz Çində Premyer Liqa yarışlarında qüvvələrini sınayacaqlar
Dünyanın güclü karateçiləri daha bir ciddi yarış ərəfəsindədirlər. Mövsümün dördüncü Karate 1 Premyer Liqası Çinin Şanxay şəhərində iyunun 7-9-da keçiriləcək.

Azərbaycanı bu yarışda Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (hər üçü 84 kq), Asiman Qurbanlı, Şahin Atamov (hər ikisi 84 kq-dan yuxarı), İrina Zaretska (68 kq) və Roman Heydərov (kata) təmsil edəcəklər.

Rafael Ağayev (75 kq) zədəli olduğundan Şanxay Premyer Liqa yarışından azad edilib.

Qeyd edək ki, idmançı bir-birinin ardınca iki döyüşdə aldığı zədə səbəbindən mayda İstanbulda keçirilən Karate 1 Seria A turnirində 5-ci görüşü yarımçıq dayandırmalı olub.

Şanxay Premyer Liqa turnirində 80-ə yaxın ölkədən 500-dən yuxarı karateçi iştirakını təsdiq edib. Onların arasında 12 dünya çempionu da qüvvəsini sınayacaq.

Xəbər 835 dəfə oxundu.