Türkiyə voleybolçuları ilk dəfə olimpiadada
Qadın voleybolçular arasında Türkiyə milli komandası yeni tarix yazıb. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, “ay-ulduzlular” ilk dəfə Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.

Onlar bu uğura Ankarada keçirilmiş Avropa olimpiya təsnifat turnirində imza atıblar. Belə ki, qrup mərhələsində Bolqarıstanla Xorvatiyanı 3:0 və Almaniyanı 3:1 hesabı ilə məğlub edən türkiyəlilərlər yarımfinalda Rusiya voleybolçuları ilə oynayıblar. Braziliyalı mütəxəssis Marko Aurelio Mottanın rəhbərlik etdiyi komanda adlı-sanlı rəqibinə də heç bir şans verməyərək, 3:1 hesabı ilə qalib gəlib.

Finalda isə onların rəqibi Bakının “Azərreyl” klubunun oyunçusu Karolina Kosekin də forma geyindiyi Polşa yığması olub. İlk 2 setdə 25:22 hesabı ilə qələbə qazanan Türkiyə millisi sonuncu hissəni 25:19 hesabı ilə aktivinə yazıb – 3:0.

Beləliklə, turnirin ən güclüsü olan “ay-ulduzlular” tarixi uğura imza ataraq, London-2012-yə vəsiqə qazanıblar. Türkiyə bununla həm də komanda idman növlərində 52 illik həsrətə də son qoyub. Belə ki, onlar Paris-1924, Amsterdam-1928, London-1948, Roma-1960-da futbol, Berlin-1936 və Helsinki-1952-də basketbol yığmaları ilə təmsil olunsalar da, son 13 olimpiadada yalnız fərdi idman növlərində mübarizə aparırdılar.

Xəbər 1191 dəfə oxundu.