Süni divaradırmanma idman növü üzrə muxtar respublika turnirinin qalibləri müəyyənləşib
Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Heydər Əliyev kuboku” uğrunda süni divaradırmanma idman növü üzrə muxtar respublika turnirinə yekun vurulub.

Turnirin açılış mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Mais Əliyev çıxış ediblər.

Sonra yarışa start verilib. 60-a yaxın idmançının iştirak etdiyi birinciliyin yekun nəticəsinə əsasən oğlanlar arasında qalib adını Onur Məmmədov qazanıb. Digər iki pillədə Abbas Seyidov və Behbud Məhərrəmov qərarlaşıblar.

Qızların mübarizəsində isə Nazlıcan Çakır bütün rəqiblərini qabaqlayıb. Fatimə Abbaslı ikinci, Nuray Paşayeva isə üçüncü olublar.

Komanda yarışında isə birinciliyi Naxçıvan Dövlət Texniki Kollecinin komandası əldə edib. Naxçıvan Tibb Kolleci və Naxçıvan Müəllimlər İnstitutunun komandaları isə ikinci və üçüncü yerlərə layiq görülüblər.

Qaliblərə diplom və hədiyyələr, komandalara isə kubok təqdim olunub.

Xəbər 745 dəfə oxundu.