Dənizkənarı Milli Parkda azarkeş festivalına böyük sayda turist gəlib
UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar reallaşdırılan silsilə tədbirlər çərçivəsində Dənizkənarı Milli Parkda təşkil olunan azarkeş festivalı davam edir.

Festivala böyük maraq göstərən şəhər ictimaiyyətinin nümayəndələri, futbol həvəskarları UEFA Avropa Liqasının kuboku ilə və tanınmış personajlarla şəkillər çəkdiriblər. Azərbaycanın ən yaxşı DJ-ləri, musiqi qrupları və incəsənət ustaları rəngarəng çıxışları ilə festival iştirakçılarına xoş anlar yaşadıblar.

Festival iştirakçıları, həmçinin müxtəlif futbol məşğələlərində və maraqlı “Virtual reallıq zonası”nda futbol bacarıqlarını sınaqdan keçirib, müxtəlif mükafatlar və UEFA Avropa Liqasının əyləncəli suvenirlərini əldə etmək şansı qazanıblar. Uşaq zonasında balacalar müxtəlif attraksionlarda əylənib, futbol məşqləri ediblər.

Xatırladaq ki, UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasında Londonun “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcəklər. Oyun saat 23:00-da başlayacaq.

AZƏRTAC

Xəbər 712 dəfə oxundu.