Qadın sablyaçılarımız “Moscow saber” Qran-Prisində iştirak ediblər
Rusiya paytaxtında keçirilən sablya üzrə “Moscow saber” Qran-Pri yarışına yekun vurulub.

Azsport.az Azərbaycan Qılıncoynatma Federasiyasına istinadla xəbər verir ki, şəxsi xarakter daşıyan turnirdə qadınlardan ibarət sablya üzrə yığma komandamızın üzvləri də iştirak ediblər.

Sablyaçılarımızdan ən yaxşı nəticəni Səbinə Kərimova göstərib. Qrup mərhələsində keçirdiyi altı görüşdən beşini qələbə ilə başa vuran S.Kərimova pley-offda ilk görüşdə ABŞ idmançısı Xloe Foks-Gitomerə 15:11 hesabı ilə qalib gəlib. Sablyaçımız daha sonra Çin təmsilçisi Henqyu Yanqı 15:13 hesabı ilə məğlub edib. S.Kərimova onaltıdabir finalda çinli Ciauri Qiana 9:15 hesabı ilə uduzub.

Anna Başta da qrupdakı altı qarşılaşmadan beşində qalib gələrək pley-offa yüksəlib. Bu mərhələdə yaponiyalı Marino Kimuranı 15:7 hesabı ilə üstələyən idmançımız 1/32 finalda italiyalı Arianna Erriqoya 7:15 hesabı ilə məğlub olub.

Qrup mərhələsini dörd qələbə ilə başa vuran Valeriya Bolşakova isə pley-offda Koreya Respublikası təmsilçisi Yesol Yanqa 15:7 hesabı ilə qalib gəlib. Lakin o, növbəti mərhələdə ispaniyalı Laia Vila 10:15 hesabı ilə uduzub.

Sevil Bünyatova isə qrupda keçirdiyi altı görüşün ikisində qalib gələrək mübarizəni erkən dayandırıb.

Xəbər 850 dəfə oxundu.