Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında ölkəmizi 80 idmançı təmsil edəcək
İyunun 21-30-da Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında Azərbaycanı 80 idmançı təmsil edəcək. Azərbaycan nümayəndə heyəti ümumilikdə 170 nəfərdən ibarət olacaq.

Bunu mayın 27-də təşkil olunan mətbuat konfransında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Vitse-prezident bildirib ki, komandada 32 məşqçi, 15 inzibati heyət üzvü və 5 tibb işçisi yer alacaq. İdmançılar arasında güləşçilər üstünlük təşkil edirlər.

“İkinci Avropa Oyunlarında 4 min idmançı iştirak edəcək. Atletlər 200 dəst medal uğrunda mübarizə aparacaqlar. Kişilər üçün 91, qadınlar üçün 89, qarışıq 20 yarış keçiriləcək. “Minsk 2019” ikinci Avropa Oyunları idmanın 15 növü üzrə yarışlara ev sahibliyi edəcək. Azərbaycan idmançıları bu yarışlarda idmanın 10 idman növü üzrə mübarizə aparacaqlar”, - deyə Ç.Hüseynzadə bildirib.

Oyunların açılış mərasiminin iyunun 21-də, bağlanış mərasiminin isə ayın 30-da “Dinamo” stadionunda keçiriləcəyini deyən MOK rəsmisi vurğulayıb ki, yarışlar 12 idman obyektində baş tutacaq. İdmançılar tələbə şəhərciyi olan və Oyunlar üçün yenidən hazırlanmış Atletlər kəndində qalacaqlar. Tutumu 6500 yerlik olan Atletlər kəndi mayın 1-dən fəaliyyətə başlayıb. İkinci Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək “Ulduz səfir” tituluna Əməkdar artist Tünzalə Ağayeva layiq görülüb.

Qeyd edək ki, birinci Avropa Oyunları 2015-cı ildə Azərbaycanda təşkil olunub. “Bakı-2015”də Azərbaycan idmançıları 56 medal (21-15-20) qazanaraq komanda hesabında Rusiyadan sonra ikinci pillədə yer alıblar.

Xəbər 733 dəfə oxundu.