Güləş millimizin son cəhdi fiasko ilə nəticələndi
Bu gün Finlandiyanın Vantaa şəhərində güləş üzrə dünya olimpiya təsnifat turnirinə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, Skandinaviya səfəri milli komandamız fiasko ilə nəticələnib. London Yay Olimpiya Oyunlarına lisenziya verən son sınaqda mübarizə aparan 5 təmsilçimiz heç biri fərqlənə bilməyib.

Turnirin 2 günündə lisenziya qazana bilməyən Azərbaycan yığmasının bu gün 3 üzvü xalçaya çıxıb. Təəssüf ki, Mahmud Məhəmmədov (55 kq, sərbəst güləş), Vitali Rəhimov (66 kq, yunan-Roma güləşi) kimi Məsud Həşimzadə (120 kq), Nadejda Sementsova (63 kq) və Dina İvanova (72 kq) da yarışı lisenziyasız başa vurublar.

Reqlamentə əsasən, hər çəki dərəcəsində yalnız 2 idmançı – yəni finalçılar London Yay Olimpiya Oyunlarına lisenziya qazanırdı.
Beləliklə, pəhləvanlarımız London olimpiadasına 18 mümkün lisenziyadan 13-nü əldə etdi. Bu, Pekin-2008 ilə müqayisədə aşağı göstəricidir. Çinə güləş yığmamız 16 idmançı ilə yolanmışdı.

Belədə, yunan-Roma güləşi üzrə Rövşən Bayramov (55 kq), Kamran Məmmədov (60 kq), Emin Əhmədov (74 kq), Saman Təhmasibi (84 kq) və Şalva Qadabadze (96 kq), sərbəst güləşdən Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Hetaq Qazyumov (90 kq) və Camaləddin Məhəmmədov (120 kq), qadın güləşində Mariya Stadniklə (48 kq) və Yuliya Ratkeviç (55 kq) London oyunlarına vəsiqə qazanıblar.

Xəbər 1210 dəfə oxundu.