Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatı start götürüb
Mayın 24-də Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Avropa çempionatı start götürüb.

Üç gün davam edəcək çempionatda 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast fərdi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) proqramında yarışacaq.

Azərbaycanı böyüklərin yarışında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edirlər.

Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparırlar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Gimnastika yarışlarının daimi tamaşaçılarını bu çempionatda da çox maraqlı və qeyri-adi açılış mərasimi gözləyir. Bu dəfə onlar “Gimnastika planeti”nə qonaq olaraq ecazkar şounun bir hissəsinə çevriləcəklər.

Xəbər 856 dəfə oxundu.