“Bakı” qalib gəldi, “İnter” işini çətinləşdirdi
Bu gün Unibank Premyer Liqasında XXXI turun görüşlərinə start verilib. İdman.com.az saytının məlumatına görə, ilk “altılıq”da baş tutan qarşılaşmaları meydan sahibləri üçün uğurlu saymaq olar. “Qəbələ” səfərdə “Xəzər Lənkəran”la matçda 10 nəfərlə oynayıb məğlubiyyətdən qaça bilsə də, bu onların avrokuboklara getmək şansını tam itirməyinə mane olmayıb.

“Gəmiqayıranlar”, öz növbəsində, qələbə sayəsində həm Avroliqaya vəsiqə, həm də ardıcıl 2-ci il gümüş medal qazanacaqdı. Ancaq cənub təmsilçisi qələbəni əldən verməklə, ümidini son tura saxladı. “Xəzər Lənkəran” həlledici görüşdə “Qarabağ”a uduzarsa, “İnter” evdə “Bakı”ya qalib gələrsə, 3 komandanın xalları bərabər olacaq. Bu zaman lənkəranlıların rəqiblərindən şəxsi oyunlarda geri qalmağı işinə yaramayacaq. Hər halda, “Xəzər Lənkəran”a gümüş medal və Avroliqaya vəsiqə üçün son turda ev oyununda 1 xal da yetərlidir.

“Qarabağ” “İnter”lə oyunda qazandığı vacib qələbə sayəsində Avroliqaya getmək şansını sona tura saxlayıb. Bu, vacib qola son vaxtlar əsas heyətdə yerini itirən millimizin hücumçusu Rauf Əliyev imza atıb. Ötən ilin ən yaxşı futbolçusu sonradan meydana çıxaraq, matçın qəhrəmanı olub. İndi “Qarabağ” xallarını bərabərləşdirdiyi “İnter”i şəxsi oyunlarda üstələdiyi üçün turnir cədvəlində 3-cü pilləni onun əlindən aldı. Çempionatın sonunda bu 2 komanda arasında xallar bərabər olarsa, ağdamlılar üstün olacaq.
“Bakı” evdə “Neftçi”ni üstələyərək 5-ci pilləyə qayıdıb. İlk dövrədə olduğu kimi, Rauf Mehdiyevin qoruduğu qapıya “Bakı”nın gənc hücumçusu Nuran Novruzov yol tapıb.

Unibank Premyer Liqası. XXXI tur
5 may

“Xəzər Lənkəran” – “Qəbələ” - 1:1
Qol: Adrian Pit, 59 - Viktor Mendi, 89
Qırmızı vərəqə: Aleksandr Çertoqanov, 30 (birbaşa)
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Zeynal Zeynalov, Elvin Əsgərov
Lənkəran. Şəhər mərkəzi stadionu

“Qarabağ” – “İnter” - 1:0
Qol: Rauf Əliyev, 76
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Namiq Hüseynov, Teymur Fərhadov
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu

“Bakı” – “Neftçi” - 2:0
Qol: Nurlan Novruzov, 44, Koke, 90
Hakimlər: Orxan Məmmədov, Ramiz Əsədov, Rza Məmmədov, Feyzulla Feyzullayev
Bakı. “Bakı”nın təlim-məşq bazasının meydançası

Xəbər 952 dəfə oxundu.