Marianna Vasilyeva: Azərbaycandakı şəraitdən və mənə olan münasibətdən çox razıyam - MÜSAHİBƏ
Bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Marianna Vasilyeva Bolqarıstan mətbuatına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, mütəxəssis vətənində Azərbaycandakı karyerası barədə danışıb və gələcək planlarını açıqlayıb.

- Bakıda işləriniz necədir?

- 2009-cu ildən qrup hərəkətləri üzrə komandanı hazırlamağa başladım. Həmin vaxtdan şəxsi gimnastlarla da məşğul oluram. Nəhayət, Azərbaycan millisinin baş məşqçisi təyin olundum. İndi isə bütün hər şeyə cavabdehlik daşıyıram.

- Oradakı şərait barədə nə deyə bilərsiz?

- Azərbaycandakı şəraitdən və mənə olan münasibətdən çox razıyam. Mənim məşqçi kimi inkişaf etmək üçün orada bütün imkanlarım var.

- Bəs orada hansı dildə danışırsız?

- Zalda rusca ünsiyyət qururuq. Mən bu dildə o qədər yaxşı bilmirdim və Bakıda lazımı qədər öyrəndim. Artıq azərbaycanca da başa düşürəm.

- Ailəniz də sizinlə birgədir?

- Bəli, mən Azərbaycana həyat yoldaşım və 2 uşağımla gəlmişəm. Bizim orada evimiz var. Həyat yoldaşım “Bakı” futbol klubunda məşqçi işləyir. Böyük qızım Siana Bolqarıstanda olduğu kimi, burada da gimnastika ilə məşğuldur. Azərbaycanda vətəndaşlıq alıb. Ötən il Minskdə keçirilən yeniyetmələr arasında Avropa çempionatında iştirak edərək, qrup hərəkətləri üzrə komandanın tərkibində bürünc medal qazanıb. Artıq 2 aydır ki, Siana böyüklərin qrupundadır. Balaca qızım Valeriyanın 12 yaşı var. Məktəbdə oxuyur, amma idmanla maraqlanmır. Azərbaycan, rus və ingilis dillərində təhsil alır. Azərbaycanı seçdiyimdən çox razıyam. Özümü burada xoşbəxt hesab edirəm.

- Görünür ki, Azərbaycan karyeranız uzun sürəcək...

- Bunu Allah bilir, hər şey qismətdən asılıdır. Hazırda işimdən razıdırlar. Mənim də heç bir narazılığım yoxdur.

- Azərbaycan yığmasında iddialarınız nədən ibarətdir?

- Ötən il Sofiyada da məndən bu haqda soruşmuşdular. Demişdim ki, əsas London-2012-yə lisenziya qazanmaqdır. Təəssüf ki, qrup hərəkətləri üzrə komanda ilə bunu bacarmadıq. Monpelyedəki dünya çempionatından sonra gənc olmalarına baxmayaraq, komandanı yenidən formalaşdırdıq. Yanvarda demək olar ki, yeniyetmələrdən – 1996, 1997-ci il təvəllüdlülərdən ibarət yeni kollektiv qurduq və bu da növbəti Olimpiadaya hesablanıb.

- Azərbaycanda gimnastika klubları Bolqarıstandakından daha çoxdur?

- Yox, əksinə. 4 il əvvəl Bolqarıstanda gimnastika üzrə 42 klub var idi. Azərbaycanda isə 6 belə komanda var və bolqar klubları ilə eyni səviyyədə deyil. Belə vəziyyətdə maksimum uğur qazanmağa çalışırıq. Azərbaycan Gimnastika Federasiyasından tam dəstək alırıq, hazırda Bakıda yalnız bizim idman növü üçün tikilən Gimnastika Mərkəzi inşa olunur. 2013-cü ildə hazır olacaq arena 2014-cü ildə Avropa çempionatını qəbul edəcək. Orada hazırlıq keçmək daha əla olacaq.

- Hazırda vətəndə olmağınızın səbəbi nədir?

- Burada dostlarımla görüşdüm. Digər qohumlarım da məni görməyə gələcək. Təəssüf ki, hələ anamla görüşməmişəm. İldə 2 dəfə vətənimə gəlirəm. Baş məşqçi olandan sonra heç məzuniyyətə çıxmamışam. Ona görə yox ki, məni buraxmırlar. Sadəcə, məsuliyyətim böyük olduğunu dərk etdiyimdən daim işimin başında oluram. Azərbaycanda bolqar mütəxəssislərə münasibət həmişə əla, onların layiq olduğu səviyyədə olur.

- Azərbaycan çalışan digər bolqar məşqçilərlə görüşürsüzmü?

- Vaxt tapanda ağır atletika, futbol, avarçəkmədən olan həmkarlarımla bir araya gəlirik. Ən gülməlisi odur ki, biz Bakının hava limanında şəhərdəkindən daha çox görüşürük. Çünki hamı öz işi ilə məşğuldur və tez-tez xarici səfərlərdə, komandasının düşərgəsində olur.

Xəbər 2446 dəfə oxundu.