İdman Araşdırmalar Mərkəzindən rəsmi açıqlama
Azərbaycanda futbol mövsümünün sonlarında öz klubları ilə müqaviləsi başa çatmaqda olan bəzi futbolçuların adları başqa komandalarla birgə hallanmağa başlayıb. İdman Araşdırmalar Mərkəzindən idman.com.az saytına verilən məlumatına görə, onların arasında milli komandamızın üzvləri də var. Belə hallar onsuz da əsəblərin tarıma çəkildiyi həlledici məqamda futbolçu ilə müqavilə üzrə məxsus olduğu klub və həmçinin, oyunçunun hazırkı və keçmək istədiyi klublar arasında problemlərə yol açır. Bütün bunlar son nəticədə futbolumuzda mənəvi-psixoloji aşınma meyllərinin qarşısını almaqdansa, prosesə daha da təkan verir.

Aparıcı futbol ölkələrində hər bir klub müqaviləsi başa çatmaqda olan oyunçusu ilə mövsümün ortalarında danışıqlar stolu arxasında oturaraq, onun gələcəyinə aydınlıq gətirir. Unibank Premyer Liqasında mübarizə aparan əksər klublarımız isə, araşdırmalar göstərir ki, yalnız mövsümün sonunu gözləməyə üstünlük verir. Bu da çıxış etdiyi komandada gələcək taleyi qeyri-müəyyən olan futbolçunu özünə yeni klub axtarmağa sövq edir.

İdman Araşdırmalar Mərkəzi klubları və futbolçuları həm bir-birinə, həm də azarkeşlərə qarşı sayqılı davranmağa, futbolumuzdakı mənəvi-psixoloji aşınmaya yol aça biləcək addımlar atmamağa çağırır.

Xəbər 2679 dəfə oxundu.