İlk dəfə olimpiadada ən yüngül çəkidə güləşçimiz olmayacaq
Bu gün Finlandiyanın Vantaa şəhərində güləş üzrə son dünya olimpiya təsnifat turniri başlayıb. İdman.com.az saytı xəbər verir ki, qaydalara görə London-2012-yə ancaq finala yüksələnlər lisenziya qazana bilərlər. Reqlamentə əsasən, ilk gündə rəqabətə sərbəst güləşçilər qatılıblar.

Milli komandamız 7 mümkün çəkidən 6-da lisenziya qazandığından, yalnız 1 çəkidə mübarizə aparıb. Burada ölkəmizi Mahmud Məhəmmədov (55 kq) təmsil edib. Təəssüf ki, titullu pəhləvan ona göstərilən 2-ci etimadı da doğrultmayıb. O, yarımfinalda monqolustanlı Naranbaatar Bayaraa 3 hissənin yekununda uduzub (1:0, 0:2, 1:4). Bürünc mükafat uğrunda mübarizədə isə təmsilçimiz «tuşe» ilə belaruslu Andreyeu Uladzislauya məğlub olub.

Xatırladaq ki, məşqçilər korpusu ötən ay Bolqarıstan paytaxtı Sofiyada keçirilmiş Avropa təsnifat turnirində də Mahmuda şans vermişdi. Amma o, həmin yarışda da zəif təsir bağışlamışdı.

Bu uğursuzluq güləş tariximizdə qara xətt kimi qalacaq. Çünki müstəqil çıxış etdiyimiz olimpiadalarda milli güləşimizə yaxın olan sərbəst növdə həmişə ən yüngül çəkidə mübarizə aparmışıq. Atlanta, Sidney və Afina oyunlarında Namiq Abdullayev, Pekin olimpiadasında Namiq Sevdimov Azərbaycanı layiqincə təmsil ediblər.

Mayın 5-də və 6-da rəqabətə yunan-Roma və qadın güləşçiləri mübarizəyə qoşulacaqlar.

Xəbər 1023 dəfə oxundu.