Sablyaçımız Türkiyədə keçirilən turnirdə üçüncü yeri tutub
Sablya üzrə yığma komandamızın üzvləri Avropa Qılıncoynatma Konfederasiyasının İstanbulda keçirilən U-14 yarışında və U-12 açıq turnirində iştirak ediblər.

Turnirdə 6 sablyaçımız mübarizə aparıb. On dörd yaşadək oğlan sablyaçıların yarışında Ayxan Xasiyev 116 iştirakçı arasında 11-ci, Murad Muradov 45-ci, Nurlan Zeynallı isə 53-cü olublar.

Eyni yaşadək qızların mübarizəsində isə ən yaxşı nəticə Zərifə Hüseynovaya məxsusdur. Qrupda keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Z.Hüseynova yarımfinaladək irəliləyib. Sablyaçımız 85 iştirakçı arasında üçüncü yeri tutub.

On iki yaşadək atletlərin yarışında isə Murad Muradov 116 iştirakçı arasında 15-ci olub.

AZƏRTAC

Xəbər 847 dəfə oxundu.