Azərbaycan paracüdoçusu Rövşən Səfərov Qran-Pri yarışlarının finalında iranlı Vahid Nouri ilə qarşılaşacaq
Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarının ikinci günündə kişilər arasında finalçılar bəlli olub.

Turnirdə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Rövşən Səfərov moldovalı Oleq Kretula qalib gələrək dörddəbir finala yüksəlib. Paracüdoçumuzun növbəti rəqibi Türkiyə idmançısı İbrahim Bölükbaşı olub. Rəqibini 3 saniyəyə ipponla məğlub edən R.Səfərov yarımfinala vəsiqə qazanıb. Növbəti görüşündə də idmançımız Ukrayna təmilçisi Aleksandr Nazarenkonuda 3 saniyəyə ipponla məğlub edərək finala yüksəlib. Finalda R.Səfərov İran idmançısı Vahid Nouri ilə qarşılaşacaq.

Qran-Pridə 100 kiloqram çəki dərəcəsində finalda Böyük Britaniya idmançısı Kristofer Skelley rusiyalı Anatoli Şevçenko ilə üz-üzə gələcək.

Turnirdə 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat Paralimpiya çempionu İlham Zəkiyev dörddəbir final mərhələsində yaponiyalı cüdoçu Kento Masakini məğlub edərək yarımfinala vəsiqə qazanıb. Növbəti mərhələdə idmançımız özbəkistanlı Şirin Şəripova məğlub olub. İ.Zəkiyev bürünc medal uğrunda Gürcüstan idmançısı Revaz Çikoidze ilə görüşəcək. Bu çəkidə finalda İran təmsilçisi Məhəmmədrza Xeirollahzadə Özbəkistan idmançısı Şirin Şəripovla qarşılaşacaq.

Turnirin ilk günündə Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olub. Qran-Pri "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

Qeyd edək ki, AZƏRTAC paracüdo üzrə Qran-Prinin media tərəfdaşıdır.

Xəbər 795 dəfə oxundu.