Kempbell vidalaşır
İngiltərə yığmasının keçmiş mərkəz müdafiəçisi Sol Kempbell oyunçu karyerasını başa vurmaq qərarına gəlib. İdman.com.az saytının məlumatına görə, 37 yaşlı futbolçunun son klubu «Nyukasl» olub və onun formasında ötən mövsüm 7 oyun keçirib. Bu mövsümdə isə meydanda peyda olmayıb.
Kempbell karyerasına 1992-ci ildə «Tottenhem»də başlayıb. Klubda 10 mövsüm keçirdikdən sonra əzəli rəqib «Arsenal»a keçməsini ona indiyədək bağışlamırlar.

«Topçular»la o, 5 mövsümünü keçirib. İki dəfə (2002, 2004) onlarla ölkə çempionluğuna yüksəlib, üç İngiltərə kubokunu (2002, 2003, 2005) və bir dəfə ölkəsinin superkubokunu (2002) qazanıb. 2006-cı ildə «Arsenal»la Çempionlar Liqasının finalına çıxıb. Elə həmin mövsümün tamamında «Portmut»a keçərək bu kluba 3 ilini həsr edib. 2009-cu ildə İngiltərənin səviyyəcə 4-cü divizionunda çıxış edən «Noqts Kaunti»yə keçsə də, bir oyun oynadıqdan sonra naməlum səbəbdən müqaviləni pozub klubu tərk edib. Sonrakı iki mövsümünü «Arsenal»ın və «Nyukasl»ın əsasən ehtiyat komandalarında keçirib.

İngiltərə yığmasında 1996-cı ildə debüt edib. Həmin il qitə çempionatının bürünc medalını qazanıb. Ümumilikdə millidə 73 oyun keçirib, 1 qol vurub.

Xəbər 1138 dəfə oxundu.