Azad Rəhimov: Avropa Gənclər Olimpiya Festivalı yüksək səviyyədə təşkil ediləcək
Bakıda keçiriləcək Avropa Gənclər XV Yay Olimpiya Festivalının başlanmasına 76 gün qalıb. Festival təkcə Azərbaycan üçün deyil, bütövlükdə Avropa qitəsi üçün vacib idman yarışıdır. Avropa ölkələrinin gəncləri Bakıda bir araya gəlib öz bacarıqlarını nümayiş etdirəcəklər.

Bu sözləri gənclər və idman naziri Azad Rəhimov mayın 6-da jurnalistlərə müsahibəsində deyib.

Festivala hazırlıq işlərindən danışan nazir bildirib: “Bakıdakı 12 idman qurğusu, eyni zamanda, Atletlər kəndi və yataqxana yarışların təşkili üçün hazırlanır. Festival çərçivəsində müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulub”.

Azad Rəhimov qeyd edib ki, yarışlarda gənclər güclərini sınamaqla yanaşı, həm də bir-birlərini yaxından tanımaq şansı da qazanacaqlar: “İstərdik ki, bu, təkcə idman tədbiri deyil, həm də Avropa gənclərinin dostluq festivalı olsun. Gənclər bir-biriləri ilə tanış olub, öz mədəniyyətlərini, tarixlərini göstərə bilsinlər. Düşünürük ki, ölkəmizdə indiyədək keçirilən bütün tədbirlər kimi, bu yarış da yüksək səviyyədə təşkil ediləcək və Azərbaycana gələcək 4 mindən çox idmançı, eləcə də nümayəndə öz vətənlərinə razı qayıdacaqlar”.

Nazir UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa gələcək turistlərin qəbulu prosesinə dair suala cavabında bildirib ki, Azərbaycanda otellərin tutumu 17 min yerlikdir. Ona görə də Bakıya gələcək azarkeşlərin yerləşmə ilə bağlı problemləri olmayacaq.

Xəbər 1031 dəfə oxundu.