Səkkiz yaşlı Mina Abbasova beynəlxalq turnirdə üçüncü olub
Mayın 3-dən 5-dək Macarıstanın Harkani şəhərində XVI ənənəvi “Pecs” kuboku uğrunda gimnastika turniri keçirilib.

17 ölkədən 395 gimnastın qatıldığı yarışda Azərbaycanı 2010-cu il təvəllüdlü atletlərin mübarizəsində səkkiz yaşlı həmyerlimiz Mina Abbasova təmsil edib. Turnirdə inamla çıxış edən Mina Abbasova üçüncü yerə layiq görülüb.

Sayca 33-cü medalını (11 qızıl, 19 gümüş, 3 bürünc) qazanan Mina Abbasova müxtəlif yarışların ən yüksək mükafatlarına layiq görülüb. O, beş yaşından etibarən Macarıstanda fəaliyyət göstərən beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnqa Maçkusun rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdür. Atletimiz qatıldığı bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı ezam olunduqları ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra klub rəhbərliyinin icazəsi ilə Azərbaycan bayrağı altında çıxış edir.

Balaca gimnastımızın ən böyük arzusu doğma Azərbaycanı dünya çempionatlarında və Olimpiya Oyunlarında təmsil etmək və üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.

Xəbər 760 dəfə oxundu.