Boks üzrə “Heydər Əliyev Kuboku - 2019” beynəlxalq turnirinin qalibləri müəyyənləşib
Abşeron Olimpiya İdman Kompleksində yeniyetmə oğlan boksçular arasında “Heydər Əliyev Kuboku - 2019” beynəlxalq turniri başa çatıb.

Ənənəvi yarışda Azərbaycan yığması ilə yanaşı, Qazaxıstan, Özbəkistan, Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan və Qırğızıstan milliləri güclərini yoxlayıblar.

Komandamız turnirdə 4 qızıl, 2 gümüş və 9 bürünc medal qazanıb. Millimizin heyətində Nicat Hüseynov (48 kiloqram), Zaur Qəhrəmanov (50 kiloqram), Turqay Mirzəyev (57 kiloqram) və Cəfər Heydərli (80 kiloqram) bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələniblər.

Yalnız finalda məğlub olan Səid Abdullayev (48 kiloqram) və Əli Gözəlov (52 kiloqram) ikinci yeri tutublar. Digər boksçularımızdan Nicat Ağakişiyev (46 kiloqram), Samin Qasımov (48 kiloqram), Fəqan Məmmədov (50 kiloqram), Qasım Qasımov (52 kiloqram), Elmar Abbasov (54 kiloqram), Cavid Şahbazbəyli (57 kiloqram), Nicat Qurbanov (60 kiloqram), Fərid İmaməliyev (63 kiloqram) və Səyadulla Nəsirov (66 kiloqram) bürünc medalla kifayətlənməli olublar.

Bu nəticə ilə Azərbaycan komanda hesabında birinci olub. Yığmamız 43 xal toplamaqla, həmçinin medal sayında rəqiblərini qabaqlayıb. Yarışda ikinci yer Özbəkistan komandasına qismət olub. Asiyalılar “Heydər Əliyev Kuboku-2019”da 31 xal toplayıblar. Onlar turniri 5 qızıl və 2 bürünc medalla başa vurublar.

Üçüncü yeri isə ötən il olduğu kimi, bu dəfə də Ukrayna qazanıb. Bu komanda ölkəmizdə 17 xal yığıb (2 qızıl, 2 bürünc).

Qaliblərə diplom və kubok verilib.

Qeyd edək ki, 63 kiloqram çəki dərəcəsində çempion olan qazaxıstanlı Toxtasin Babaxanov turnirin ən texnikalı boksçusu seçilib.


Xəbər 874 dəfə oxundu.