Ucarda Ulu Öndərin anadan olmasının ildönümünə həsr edilən idman yarışları keçirilib
Ucarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə YAP rayon təşkilatının mükafatı uğrunda idman yarışları keçirilib.

Yarışlar YAP Ucar rayon təşkilatı və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şəhər 3 nömrəli tam orta məktəbin idman zalında təşkil olunub.

Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib, dövlət himni səsləndirilib.

Çıxışlarda vurğulanıb ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmiz bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Hər sahədə olduğu kimi, idmana münasibət də kökündən dəyişib, bu sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən qüdrətli ölkəsinə çevrilib, dünyada idman ölkəsi kimi tanınıb.

Yarışlarda 150 yeniyetmə iştirak edib. Onlar idmanın cüdo, boks, budo növləri üzrə mübarizə aparıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda I, II, III yerləri tutan idmançılar diplom və medallarla təltif olunub, mükafatlar verilib.

Xəbər 662 dəfə oxundu.