Astarada gənclərin vətənpərvərlik tərbiyəsində hərbi idman oyunlarının rolu ilə bağlı müzakirələr aparılıb
Astara Rayon Gənclər və İdman İdarəsi, rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının rolu” mövzusunda müzakirələr aparılıb.

Maarifləndirmə tədbirində Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyevin, rayon təhsil şöbəsinin müdiri Rəşad Həsənovun, Şiyəkəran kənd 2 nömrəli tam orta məktəbinin çağırışa qədər hazırlığı üzrə müəllimi Həbib Həbibovun mövzu ilə bağlı çıxışları dinlənilib.

Çıxış edənlər şagirdlərə Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumat verərək onlara vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsi, habelə mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılması ilə bağlı tövsiyələrini çatdırıblar.

Tədbirdə “Şahin” hərbi-idman oyununun Cəlilabad rayonunda keçirilən zona birinciliyində respublika final mərhələsində iştirak etmək hüququ qazanmış Şiyəkəran kənd 2 nömrəli tam orta məktəbin komandasının üzvlərinə Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

Xəbər 707 dəfə oxundu.