Azərbaycan paralimpiyaçıları dünya kubokunda ikinci qızıl medal qazanıblar
Pauerliftinq üzrə Azərbaycan paralimpiya yığma komandasının üzvü Elşən Hüseynov Macarıstanın Eger şəhərində keçirilən dünya kubokunda qızıl medal qazanıb.

107 kiloqrama qədər çəki dərəcəsində yarışan idmançımız 225 kiloqram çəkini qaldıraraq fəxri kürsünün birinci pilləsinə yiyələnib. Eyni çəki dərəcəsində ikinci yeri 198 kiloqramlıq çəki ilə Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Albaloşi Ahmed Xamis qazanıb. Üçüncü yerə isə 185 kiloqram çəki ilə gürcüstanlı idmançı Laqo Qorqodze layiq görülüb.

Qeyd edək ki, bundan əvvəl 49 kiloqram çəki dərəcəsində təmsilçimiz Pərvin Məmmədov qızıl, 97 kiloqrama qədər çəki dərəcəsində idmançımız Nurlan Babacanov isə bürünc medal qazanıblar.

Yarışlar davam edir. Bu gün digər idmançı Şamo Aslanov da yarışlarda debüt edəcək.

Xəbər 818 dəfə oxundu.