Sablyaçı qızlarımız yeni sınaqların astanasında
Mayın 4-6-da İtaliyanın Bolonya şəhərində qadın sablyaçılar arasında dünya kuboku keçiriləcək. Qılıncoynatma üzrə milli komandamızın baş məşqçisi Yaşar Məmmədov idman.com.az saytına açıqlamasında deyib ki, həmin yarışda seçmə komandamız da iştirak edəcək. Heyətə, həmişə kimi Səbinə Mikina, Aidə Ələsgərova, Səbinə və Sevil Bünyatova bacıları daxildirlər. İlk 2 gündə şəxsi yarış olacaq. Ayın 6-da komandalar üz-üzə gələcəklər.

Təcrübəli mütəxəssis qeyd edib ki, eyni turnir mayın 19-20 də Çinin Tyancin şəhərində də keçiriləcək. Sonra millimiz Bakıda hazırlığını davam etdirəcək. İyunda isə komandamızı yeni səfərlər gözləyəcək. 8-10-da Belçikanın Genk və 24-25-də ABŞ-ın Çikaqo şəhərində təşkil olunacaq dünya kubokunda gücümüzü sınayacağıq.

Okeanın o tayına səfərdən öncə, qadınlardan ibarət yığmamız 14-20 iyunda İtaliyada düzənlənəcək Avropa çempiontında iştirak edəcək. Yaşar Məmmədovun sözünə görə, bu yarışlarda Səbinə Mikinanın uğurlu çıxış etməsi vacibdir. Hazırda dünya reytinqində 18-ci yerdə olan 25 yaşlı idmançı dünya kuboklarında qənaətbəxş nəticə qazanacağı halda, London olimpiadasında ilkin mərhələlərdə münasib rəqiblə qarşılaşacaq.

KAMRAN

Xəbər 2427 dəfə oxundu.