Bu gün Topaz Premyer Liqasının 26-cı turuna start veriləcək
Bu gün Topaz Premyer Liqasının 26-cı turuna start veriləcək.

Əvvəlcə debütant "Sabah" "Keşlə" klubunu qəbul edəcək. "Əlincə Arena"da keçiriləcək görüşü İnqilab Məmmədov idarə edəcək.

Hazırda "Sabah" 26 xalla 5-ci, "Keşlə" isə 19 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. "Sabah" və "Keşlə" komandaları indiyə qədər 3 dəfə qarşılaşıblar. Bütün oyunlar cari mövsümdə baş tutub.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək növbəti qarşılaşmada "Zirə" "Qarabağ"ı qəbul edəcək. "Zirə" və "Qarabağ" indiyədək 15 dəfə üz-üzə gəliblər. Bunların heç birində "qartallar" qələbə qazana bilməyib, "Qarabağ" isə 11 dəfə qələbəyə sevinib. "Köhlən atlar" rəqibinə qarşı son üç səfər matçından da qalib ayrılmağı bacarıb. Oyunu Səbuhi Bayramov idarə edəcək.

Daha bir matçda "Səbail" "ASCO Arena"da "Qəbələ"ni sınağa çəkəcək. “Səbail” 4 oyundur qələbə qazanmır. Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv hazırda 38 xalla 3-cü pillədə qərarlaşıb. "Qəbələ" isə 36 xalla 4-cüdür. Sənan Qurbanovun rəhbərlik etdiyi komanda qələbə qazanacağı təqdirdə, 3-cü pilləyə yüksələ bilər. Şəxsi oyunlara gəlincə, tərəflər 7 dəfə üz-üzə gəliblər. Bunların 1-də "Səbail", 4-də əyalət təmsilçisi qalib gəlib, 1 matç heç-heçə yekunlaşıb. Topların nisbətində də "Qəbələ" öndədir - 13:6. Cari mövsümdə komandalar 3 dəfə qarşılaşıb. İki görüş "Qəbələ"nin qələbəsi ilə başa çatıb, 1 görüşdə isə qapılara qol vurulmayıb.

Turun mərkəzi görüşü FIFA referisi Əliyar Ağayevə tapşırılıb.

Turun son matçında "Sumqayıt" "Neftçi"nin qonağı olacaq. "Bakcell Arena"da təşkil olunacaq görüşü Kamal Umudlu idarə edəcək. Çempionluq üçün mübarizə aparan flaqman 25 turdan sonra 55 xalla ikincidir və liderdən 2 xal geri qalır. Komandalar indiyədək 27 dəfə qarşılaşıblar. Bunların 14-də paytaxt, 9-da "gənclik şəhəri" təmsilçisi qalib gəlib, 4 matçda heç-heçə qeydə alınıb. “Sumqayıt” 4 oyundur qələbə qazana bilmir. “Neftçi”nin meydanındakı son iki matçda heç-heçə qeydə alınıb. Topların nisbətində də "ağ-qaralar" öndədir - 43:31.

Xəbər 700 dəfə oxundu.