Kaxaber Sxadedze: “Qarabağ”la oyun çox çətin olacaq
“Qarabağ”la matçın hazırlıqlarına başlamışıq. Adi qaydada hazırlaşırıq”. İdman.com.az saytının məlumatına görə, bunu “İnter”in baş məşqçisi Kaxaber Sxadedze deyib. Unibank Premyer Liqasında sona 2 tur qalmış çempionun adı bəlli olsa da, Avropa Liqasına son 2 vəsiqə uğrunda mübarizə davam edir. Gürcüstanlı mütəxəssis PFL-in rəsmi saytına verdiyi açıqlamada çempionatın son matçlarının gərgin mübarizə şəraitində keçəcəyini bildirib:

“Qeyd etmək istəyirəm ki, keçirəcəyimiz məşq prosesləri bir qədər qısamüddətli olacaq. Bilirsiniz ki, mövsümün sonudur və futbolçularda müəyyən yorğunluq hiss olunur. Buna görə də, qarşıdakı oyuna gümrah vəziyyətdə olmaları üçün futbolçuları az yükləməyi planlaşdırırıq. Qarşıdakı oyun çox çətin olacaq.

“Qarabağ” - sürətli və kombinasiyalı oyun nümayiş etdirən, öz oyun tərzi olan güclü komandadır. Buna görə də, oyunun gərgin və maraqlı alınacağını düşünürəm. “Bakı” artıq avroliqaya vəsiqə qazanıb. İlk “altılıq”da mübarizə aparan digər komandaların da şansları var. Buna görə də, növbəti turda gərgin mübarizə olacaq”.
Qeyd edək ki, “Qarabağ” – “İnter” matçı mayın 5-də keçiriləcək.

Xəbər 1049 dəfə oxundu.