"Tokio-2020": Yəhər və sükan arxasında
Atı və velosipedi ram edənlərin mürəkkəb seçim yolu

"Tokio-2020"nin proqramında cıdırda atları yəhərləyənlərin və şəhər küçələrində, trekdə, dərə-təpəli yerlərdə qoşaçarxla dövrə vuranların yarışları böyük maraqla gözlənilir. Öz-özlüyündə istər maneələri dəf edən konkurçuların, istər yeriş məharətini göstərərək, ecazkar atların zövq oxşayan şousunu təqdim edənlər həmişə xüsusi diqqət mərkəzində olublar. Bu dəfə də ən güclülərin Tokoya toplaşacağı aydındır. Velosipedçilərin cərgəsi də son illərdə genişlənir. Dünyanın ən populyar tur yürüşləri dopinq qalmaqalları ilə yanaşı, sıxlaşan rəqabəti ilə diqqətdədir. Dağ velosipedi isə artıq özünü klassiklik dərəcəsinə çatdırıb. Trekdəki rəqabət də, ötən dünya çempionatlarının göstərdiyi kimi, olimpiadada medal qazananların cərgəsinə əsaslı təsir edəcək.

Veloidman – 22 medal dəsti

Ənənəvi şose və trek yürüşlərindən savayı, velosipedçilər mauntinbayk və ya dağ velosipedi, həmçinin BMX sinfi üzrə yarışlarda da qüvvələrini sınayacaqlar. Artıq illərdir bu növlərin inkişafı o həddə çatıb ki, 1896-cı ildən – ilk Oyunlardan olimpiya ailəsinin üzvü olan növün coğrafiyası genişlənmiş proqramları diqqətdən kənarda qala bilməz. Hətta ötən il Bakıda keçirilən dünya çempionatı qoşaçarx üstündə yarışların miqyasının kiçik olmadığını bir daha əyani nümayiş etdirdi. Veloyarışlar cəmi 22 proqramda iyulun 25-dən avqustun 9-dək təşkil olunacaq. Şose yürüşləri (25-29 iyul) Muşasino Meşə İdman Sarayı («Muşasinonomori Park") 300 milyon dollara başa gəlmiş idman arenasının qarşısından start götürəcək və Fuci Beynəlxalq Spidvey Arenasında başa çatacaq. BMX üçün (30 iyul-2 avqust) 6 min yerlik xüsusi arena da inşa olunub. Trek (3-9 avqust) və mauntinbayk (27-28 iyul) yarışları isə 5 min yerlik İzu velodromunda təşkil ediləcək. Kişilərin şose yürüşü 234 km, qadınlarda isə 137 km yolu əhatə edəcək.

Şosedə kişilərdə 122, qadınlarda 62 yarış iştirakçısı olacaq. Olimpiyaçılar, əsasən UCİ-nin (Beynəlxalq Velosipedçilər İttifaqı) reytinqi əsasında seçiləcəklər. Kişilərdə ilk 6-lıqda olanlar 5, 13-cü yerə qədər olanlar 4, sonrakı 7-lik 3, 22-32-ci pillələr 2, 50-liyi tamamlayanlar isə 1 idmançı ilə olimpiadada təmsil olunacaqlar. Reytinq cədvəli üzrə seçim oktyabrın 27-nə olan vəziyyətə görə hesablanacaq. Qadınlarda ən çox – 4 vəsiqə ilk reytinq beşliyinə veriləcək. 6-13-cü yerlər 3, 22-ci mövqeyə qədər olanlar 2 lisenziya hüququna malik olacaqlar.

Bundan savayı, xüsusi dəvətlər olacaq. Qitə çempionatlarından Afrika, Amerika və Asiyanın hər birinə 2 kişi və 1 qadın velosipedçiyə yer ayrılacaq. Afrikadan Efiopiyada keçirilmiş qitə çempionatında ilk iki yerin sahibi olmuş Eritreya və Əlcəzair artıq vəsiqə sahibidirlər. Qadınlarda Eritreya olimpiya lisenziyasına malikdir. Asiya çempionatı aprelin 27-28-də Özbəkistan paytaxtı Daşkənddə, Amerika çempionatı isə mayın 2-dən 5-dək Mexikoda keçiriləcək.

Zamanla fərdi təqibetmə yarışlarına isə beynəlxalq federasiyanın milli komandalar üçün reytinqinə əsasən, 30 kişi və 15 qadın qoşulacaq. 2019-cu ilin dünya çempionatından hər genderə 10 yer veriləcək. Yarış sentyabrın 22-dən 29-dək Böyük Britaniyanın Harrogeyt şəhərində keçiriləcək. Ev sahibi Yaponiyaya isə artıq 2 yer ayrılıb.

Mauntinbaykda hər gender üzrə 38 iştirakçı olacaq. Ev sahibinə də hər gender üzrə 1 vəsiqə ayrılıb. Əsas yerlər UCİ-nin milli reytinqi əsasında (2020-ci il mayın 28-də) ilk 30-luqda olanlara veriləcək. Reytinqin lider cütlüyü 3, sonrakı 5-lik 2, 21-ci yerə qədər olanlar 1 lisenziya alacaqlar. Üç qitə çempionatı – Afrika (12-14 aprel; Vindhuk, Namibiya), Amerika (3-7 aprel; Aquaskalyentes, Meksika) və Asiyanın (25-28 iyul; Kfardebian, Livan) hərəsinin də öz lisenziya payı var. Afrikadan kişilərdə və qadınlarda CAR, Amerikadan kişilərdə Kanada, qadınlarda ABŞ başa çatmış yarışların qalibləridir. Daha 4 yer isə elit və 3 yaşadək idmançıların 2019-cu il dünya çempionatı (28 avqust-1 sentyabr; Mon-Sen-Anna, Kanada) əsasında veriləcək.

BMX-də isə genderlər üzrə bərabər bölünməklə, 24 iştirakçı olacaq və onlardan biri ev sahibinin təmsilçisidir. Kross-kantridə (dərə-təpəlik) beynəlxalq reytinq (2 iyun 2020) 18 yer verəcək. İlk cütlük 3, sonrakı 3-lük 2, 11-ci yerə qədər olanlar 1, UCİ-nin fərdi yarışlarının reytinqində ilk 3-lük, 2020-ci ilin dünya çempionatında isə (Hösden-Solder, Almaniya, tarix təyin edilməyib) qızıl və gümüş medalçı olimpiyaçı statusuna sahib çıxacaqlar.

Fristaylda hər gendərə 9 yer ayrılıb və onlardan biri ev sahibinindir. 6 yer UCİ reytinqində (12 may 2020) ən yüksək mövqedə olan milli komandalarındır – 1-ci yer 2, sonrakı 4-lük 1 lisenziya ilə mükafatlandırılacaq. 2019-cu il şəhər komandalarının dünya çempionatının (Çenqdu, Çin; tarixi təyin edilməyib) qızıl və gümüş medalçıları olimpiyaçı statusunu alacaqlar.

Trek yarışlarında isə reytinq cədvəli 2020-ci il mart ayının 2-də dünya çempionatından sonra açıqlanacaq. Reytinqdə 2018-2020-ci illərin təsnifatı əsas götürüləcək. Komanda sprintində ilk 8-likdə olanlar yer alacaq. Fərdi sprintdə ilk 7-likdə olanlarla yanaşı, komanda sprintində iştirak edənlərin nümayəndələri də mübarizəyə qatılacaqlar. Həmçinin keyrində yer alanlar da burada qüvvəsini sınaya biləcəklər. Keyrin proqramında ilk reytinq 7-liyində olanlar həm də komanda və fərdi sprintində yer alanlarla qüvvələrini sınayacaqlar. Komanda təqibetməsində reytinq 8-liyi cığırda yer alacaq. Mədisonda reytinq 8-liyi ilə yanaşı, komanda sprintinin iştirakçıları da yarışacaq. Omniumda reytinq 13-lüyü ilə yanaşı, mədisona birbaşa vəsiqə alanlar mübarizə iştirakçısı olacaq.

Atçılıq – 6 medal dəsti

Yarışlar Tokionun Mərkəzi sahil bəndində (yaponca – «Çuo bohatei") və Baci Koen atçılıq mərkəzində iyulun 25-dən avqustun 8-dək keçiriləcək. 200 nəfər atları yəhərləmək şansı əldə edəcək. Onlardan 75-i konkur, 65-i üçnövçülükdə, 60-ı isə yeriş proqramında çıxış edəcək. Hər komanda 3 at və iki çaparla təmsil olunmaq hüququna malikdir. Komanda yarışına vəsiqə alanlar (konkurda 20, üçnövçülük və yerişin hər birində 15) fərdi yarışlara 3 sifariş vermək hüququna malikdirlər. Komanda yarışlarına vəsiqə əldə edə bilməyənlər isə bir idmançı ilə çıxış edə biləcəklər.

Hər təsnifat qrupu üzrə fərdi yarışların iştirakçılarının seçim qaydaları müxtəlif regionlara bölünməklə aparılır. «A» qrupu Şimal-qərbi Avropa, «B» Cənub-qərbi Avropa, «C» qrupu Mərkəzi və Şərqi Avropa ilə Mərkəzi Asiya, «D/E» qrupu hər iki Amerika, «F» qrupu Afrika və Mərkəzi Asiya, «G» qrupu Cənub Şərqi Asiya və Okeaniyadır. Bunlardan əlavə Üçlər komissiyası hər proqramda «uayld kard» verəcək.

At yerişində komandalar Dünya Atçılıq Oyunları, qitə yarışları («A/B» qrupu üzrə, Avropa – 19-25 avqust, Rotterdam, Niderland və «D/E» qurupu üzrə Panamerika Oyunları – 26 iyul-11 avqust, Lima, Peru) 3 vəsiqə verəcək. Bununla yanaşı, çaparlar «C» qrupu təsnifat turniri – 20-23 iyun, Moskva, Rusiya; «F» qrupu üzrə 2019-cu il təsnifat turniri (Avropa şəhərlərindən birində) vasitəsilə bu hüquqları əldə edirlər.
Fərdi seçim isə reytinq əsasında aparılacaq. Ev sahibinin hər proqram üzrə bir idmançısına birbaşa vəsiqə veriləcək. Fərdi seçim üçün «D/E» qrupu 4, qalanları 2 vəsiqə verəcək. Bir vəsiqə «uyald kard»dır.

Üçnövçülükdə Dünya və Panamerika Oyunları ilə yanaşı, keçiriləcək digər yarışların siyahısı belədir: Avropa çempionatı – 28 avqust-1 sentyabr, Luhmühlun, Almaniya, «C» təsnifat qrupu 23-26 may, Baborovka, Polşa, «F/G» təsnifat turniri – 23-26 may, Saumur, Fransa və 2019-cu ilin üçnövçülük üzrə Millətlər Kuboku. Fərdi yarış üçün hər qrup 2 vəsiqə verəcək. «Uayld kard» yolu ilə 6 lisenziya da olacaq.
Konkurda əsas yarışlara Dünya və Panamerika Oyunlarından savayı, sadalanan turnirlərdən Rotterdamdakı qitə çempionatı, Moskva turniri də daxildir. Bunlardan savayı, təsnifat statusu Budapeşt (Macarıstan, 26-30 iyun, «C2» qrupu), Rabat (Mərakeş, 10-13 oktyabr, «E» qrupu), Valkensvaard (12-13 avqust, «G» qrupu), Barselona (İspaniya, 3-6 oktyabr, Millətlər kuboku) turnirlərinə də verilib. Hər qrup üzrə 2 fərdi vəsiqə və 1 «uayld kard» da sahibini gözləyir.

Bu vaxta qədər artıq 12 ölkənin 66 olimpiya vəsiqəsi var. Yaponiya, Avstraliya və Almaniya 9, Böyük Britaniya, Niderland, İsveç və ABŞ 6 (üçnövçülük və yeriş), Fransa, İrlandiya, Yeni Zelandiya, İspaniya və İsveçrə 3 (üçnövçülük) vəsiqə sahibidirlər. Bu hüququ onlar 2018-ci ildə ABŞ-ın Trayon şəhərində keçirilən Dünya Atçılıq Oyunlarında əldə ediblər.

Təqdim edir: BATI YAR

Xəbər 1275 dəfə oxundu.