Taekvondo üzrə açıq Bakı birinciliyində 550 idmançı iştirak edir
Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ), Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə açıq Bakı birinciliyinə start verilib.

BŞGİBİ-dən bildiriblər ki, “DAEDO İnternational” taekvondo sistemi ilə keçirilən turnirin təşkilində məqsəd bu idman növünün təbliği və inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılmasıdır.

Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda əvvəlcə Aprel şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov Aprel döyüşləri zamanı şəhidlərimizin qəhrəmanlıqlarından danışıb, Prezident İlham Əliyev tərəfindən idmançılarımıza göstərilən diqqət və qayğıdan, onların beynəlxalq arenalarda qazandıqları uğurlardan bəhs ediblər.

Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra yarışa start verilib. Yarışda 48 bölmə və klubdan 550 idmançı iştirak edir.

Üç gün davam edəcək birincilikdə 2002-2011-ci il təvəllüdlü taekvondoçular mübarizə aparırlar.

Turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları ilə təltif ediləcəklər.

Yarış yeniyetmələr arasında milli komandaya seçim xarakteri daşıyır.

Xəbər 958 dəfə oxundu.