Bakcell Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Bakcell şirkəti arasında Formula 1 Azərbaycan Qran Prisinə dəstəyin göstərilməsinə dair üçillik sponsorluq müqaviləsi imzalanıb.

Əldə olunmuş ikitərəfli razılığa əsasən Azərbaycanın İlk Mobil Operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti Bakıda baş tutacaq növbəti 3 yarışa dəstək göstərilməsi müqabilində həmin yarışlar ərəfəsində Formula 1-in yerli şirkətlər üçün təqdim etdiyi bir sıra fürsətlərdən yararlanmaq imkanına sahib olacaq. Belə ki, müqavilə çərçivəsində Bulvar tribunasına Bakcell şirkətinin adı veriləcək və bu tribuna şirkətin korporativ vizual elementləri ilə rənglənəcək.

Bundan başqa, bulvar ərazisində yerləşən Formula 1-in azarkeşlər zonasında Bakcell üçün xüsusi yer ayrılacaq. Həmçinin şirkət yarış həftəsonu ərzində trek ətrafında öz məhsullarını Azərbaycan Qran Prisinin tamaşaçılarına təqdim edə və böyük ekranlarda öz videoçarxlarını nümayiş etdirə biləcək.

Azərbaycan Qran Prisinə yerli şirkətlərin maraq və dəstək göstərməsindən böyük məmnunluq duyduğunu bildirən BŞH-nin Kommersiya şöbsinin rəhbəri Bülent Özərdim yeni qurulan əməkdaşlığın gələcəkdə daha da böyüyəcəyinə əminliyini bildirib.

Tədbirdə çıxış edən şirkətin baş marketinq direktoru Todor Dimitrovski bu əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.O, Azərbaycan Qran-Prisinin ölkədə idman və iqtisadiyyatın inkişafı və xüsusilə Azərbaycanın dünyada tanıdılması baxımından böyük rol oyndağını diqqətə çatdırıb.

Xəbər 1284 dəfə oxundu.