“Yüksək məqsədlərə çatacağımızı dərk edirdik”
“Fransa və İtaliyada oynadıqdan sonra özümü digər liqada sınamaq istəyirdim. Özünü fərqli ölkələrdə göstərmək arzusuna düşürsən. Məhz bu səbəbdən də Azərbaycanı seçdim”. İdman.com.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Finlandiya millisinin kapitanı Riikka Lehtonen deyib.

Təcrübəli voleybolçu karyerası ərzində oynadığı ölkələri seçməsi ilə bağlı fikirlərini açıqlayıb. Finlandiya, Fransa, İtaliya, Yaponiya, Türkiyə, Yunanıstan, ardından isə Azərbaycan Super Liqasında oynayan Lehtonen hər çempionatın özəlliklərindən danışıb. 2010/2011 mövsümündə Bakının “İqtisadçı” klubunun kapitanı olan və “tələbələrlə” çempionatın bürünc medalını qazanan 33 yaşlı Riikka bildirib ki, yenidən İtaliyaya qayıtmağına peşman olmayıb.

Hazırda “Pyaçentsa”da forma geyinən finlandiyalı Apennin yarımadasında bir daha ölkəmizi xatırlayıb: “Azərbaycanda təşkilatçılıq səviyyəsi çox fərqli idi. Mən oraya gələn kimi buna əmin oldum. Haqqında eşitdiklərimi görmək, nəyə qadir ola biləcəyimizi sübut etmək mənim üçün çox maraqlı idi. Mövsüm ərzində çoxları üçün hətta sürpriz olsaq belə, yetərincə yüksək məqsədlərə çatacağımızı dərk edirdik. Yekunda isə Super Liqada 3-cü olduq, və Çellenc kubokunda isə yarımfinala kimi irəlilədik”.

Xəbər 1428 dəfə oxundu.