Bahadırlarımız üçün tale anı
4-6 mayda Finlandiyanın Vantaa şəhərində güləş üzrə son dünya olimpiya təsnifat turniri keçiriləcək.
Azərbaycanı bu yarışda beş idmançı təmsil edəcək. Sərbəst güləşçilərin turnirində mübarizəyə Mahmud Məhəmmədov (55 kq), yunan-Roma güləşində Vitali Rəhimov (66 kq) və Məsud Həşimzadə (120 kq), qadınlar arasında Nadejda Sementsova (63 kq) və Dina İvanova (72 kq) qoşulacaqlar.

Finlandiyaya, həmçinin, yunan-Roma güləşi üzrə yığmamızın baş məşqçisi Saleh Bora, sərbəst güləş yığmamızın böyük məşqçisi Firdovsi Umudov, qadınlardan ibarət güləş yığmamızın baş məşqçi əvəzi Məhəmməd Əliömərov, qadınlardan ibarət yığmamızın böyük məşqçisi Qrek İqnat, eləcə də olimpiya dərəcəli hakim Əjdər Cəfərov və beynəlxalq dərəcəli hakim İntiqam Alıyev də yola düşəcəklər.

Turnirin proqramına əsasən, mayın 4-də sərbəst güləşçilər, mayın 5-də və 6-da isə yunan-Roma və qadın güləşçilər mübarizəyə qoşulacaq.

Qeyd edək ki, bu günədək güləşçilərimiz London olimpiadasına 13 lisenziya qazanıb. Bunlar yunan-Roma güləşində Rövşən Bayramov (55 kq), Kamran Məmmədov (60 kq), Emin Əhmədov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq); sərbəst güləşdə Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Hetaq Qazyumov (90 kq), Cəmaləddin Məhəmmədov (120 kq); qadın güləşində Mariya Stadniklə (48 kq) və Yuliya Ratkeviçdir (55 kq).

Xəbər 1172 dəfə oxundu.