Bu gün Topaz Premyer Liqasının 23-cü turuna start veriləcək
Aprelin 6-da futbol üzrə Topaz Premyer Liqasının XXIII turuna start veriləcək.

Turun birinci günündə iki oyun keçiriləcək. XXIII tur saat 16:00-da “Sumqayıt” – “Keşlə” oyunu ilə başlayacaq. “Kapital Bank Arena”da oynanılacaq görüşü Orxan Məmmədov idarə edəcək.

Günün ikinci qarşılaşmasında çempionluğa iddialı “Neftçi” komandası “Zirə”ni qəbul edəcək. İnqilab Məmmədovun idarə edəcəyi matç “Bakcell Arenada” keçiriləcək. Oyun saat 18:00-da start götürəcək.

Aprelin 7-də - turun ikinci günündə “Qəbələ” komandası doğma arenada “Qarabağ” ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda oynanılacaq görüşü Səbuhi Bayramov idarə edəcək. Görüş saat 14:00-da başlayacaq.

Tura saat 16:30-da başlayacaq “Sabah” – “Səbail” oyunu ilə yekun vurulacaq. “Əlinə Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Rəhim Həsənov olacaq.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Xatırladaq ki, hazırda Topaz Premyer Liqasında “ikihakimiyyətlilik” davam edir. Turnir cədvəlinə hər birinin aktivində 48 xal olan “Neftçi” və “Qarabağ” komandaları başçılıq edirlər. “Səbail” 34 xalla üçüncü, “Qəbələ” isə 30 xalla dördüncü pillədə qərarlaşıb. Digər yerlərdə müvafiq olaraq, “Sabah” (23 xal), “Zirə” (22 xal), “Keşlə” (19 xal) və “Sumqayıt” (17 xal) komandaları yer alıb.

Xəbər 627 dəfə oxundu.