Yaşar Bəşirov: ”Rafael Ağayevin təkcə lisenziya yox, olimpiadada medal qazanacağına inanıram”
Aprelin 3-də Gənclər və İdman Nazirliyində İspaniyanın Qvadalaxara şəhərində keçirilmiş Avropa çempionatından qayıdan Azərbaycan karateçiləri ilə görüş keçirilib.

Tədbirdə çıxış edən gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov karateçiləri təbrik edib və onlara 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağı arzulayıb. O, diqqətə çatdırıb ki, bu Avropa çempionatında ilk altılığa düşən idmançılar bu il iyun ayınında Minskdə keçiriləcək ikinci Avropa Oyunlarına lisenziya xalları əldə edirlər. “İdmançılarımızın əsas məqsədi olimpiadaya lisenziya qazanmaqdır. İnanram ki, Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında da idmançılarımızın çıxışları uğurlu olacaq".

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov Rafael Ağayev və İrina Zaretskanın olimpiadaya lisenziya qazanma şanslarının yüksək olduğunu bildirib: "Hər bir çempionat bizə olimpiadaya lisenziya xalı qazanmağa imkan verir. Ağayevin təkcə lisenziya yox, olimpiadada medal qazanacağına inanıram. O, əfsanəvi idmançıdır. Zaretskanın da lisenziya şanslarını yüksək qiymətləndirirəm. Gələn il Milli Gimnastika Arenasında lisenziya xarakterli Avropa çempionatı olacaq. Bütün dünyanın diqqəti Bakıya yönələcək. Yarışda 50 ölkə iştirak edəcək. Hələ vaxtımız var. Digər idmançılarımız da şanslara malikdir. Ümumilikdə, 4 lisenziya qazansaq, bizim üçün yaxşı göstərici olacaq".

Gümüş medal əldə edən Rafael Ağayev istər lisenziya xarakterli, istərsə də digər yarışlara ciddi yanaşdığını söyləyib. O, ən yaxın hədəfinin 21 - 30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında qızıı medal qazanmaqdan ibarət olduğunu söyləyib.

Qeyd edək ki, Avropa çempionatında Rafael Ağayev (75 kq) gümüş, Asiman Qurbanlı (+84 kq) bürünc medal qazanıb. Roman Heydərov kata yarışında fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Sahib Əhədov isə para-karate üzrə mübarizədə qalib olub.


Xəbər 357 dəfə oxundu.