Bu gün “Shamkir Chess 2019” turnirində dördüncü turun oyunları keçiriləcək
Aprelin 3-də Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirində dördüncü turun oyunları keçiriləcək.

Növbəti turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov çexiyalı David Navara, Teymur Rəcəbov isə hollandiyalı Aniş Giri ilə qarşılaşacaqlar. Turnirin digər partiyalarında bolqarıstanlı Vaselin Topalov dünya çempionu, norveçli Maqnus Karlsen ilə görüşəcək. Çin şahmatçısı Dinq Lirenin rəqibi hindistanlı Vişvanatan Anand olacaq. Digər görüşdə isə Rusiya təmsilçiləri Sergey Karyakin və Aleksandr Qrişuk üz-üzə gələcəklər.

Qeyd edək ki, üç turun nəticəsinə görə aktivində 2,5 xal olan Maqnus Karlsen turnir cədvəlinin vahid liderinə çevrilib. Dinq Liren, Sergey Karyakin 2 xalla ikinci-üçüncü, Vişvanatan Anand, Teymur Rəcəbov və Veselin Topalov isə 1,5 xalla dördüncü–altıncı yerləri bölüşürlər. Aleksandr Qrişuk, Aniş Giri, Şəhriyar Məmmədyarov və David Navaranın hər birinin aktivində 1 xal var.

Turnirə aprelin 9-da yekun vurulacaq.

Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.

Xəbər 706 dəfə oxundu.