Həndbol üzrə Azərbaycan kuboku yarışlarının qalibləri müəyyənləşib
Həndbol üzrə ölkə kuboku yarışlarına yekun vurulub.

“ABU Arena”da təşkil olunan final mərhələsində meydançaya əvvəlcə qadın həndbolçular çıxıblar. Maraqlı idman mübarizəsi vəd edən “Azəryol”-“Azərsu” görüşündə “Azərsu”nun imkanlarını yüksək qiymətləndirənlər yanılıblar. Ölkə çempionatının lideri rəqibin kuboka gedən yolunu kəsə bilməyib. Hücumları daha effektli alınan “Azəryol” 29:20 hesablı qələbə ilə yarışın baş mükafatına sahib olub.

Kişi həndbolçuların Azərbaycan kubokunun final matçında isə “Məhsul” və “Bakı” komandaları münasibətləri aydınlaşdırıblar.

Görüş boyu yüksək əzmkarlıq göstərən rəqiblərin məsələni əsas vaxtda həll etmək istəyi alınmayıb. Hakimin final fiti səslənərkən, tabloda hesab 28:28 olub. Qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub ki, bu mübarizədən də “Bakı” məğlub ayrılıb. Rəqibdən fərqli olaraq 2 penaltini dəqiq yerinə yetirən “Məhsul” həndbolçuları ölkə kubokunu başları üzərinə qaldırıblar.

Final oyunlarından sonra mükafatlandırma mərasimi olub. Qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov dekabrda start verilən yarışın uğurla başa çatdığını vurğulayıb. Ölkədə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından söz açan federasiya rəsmisi son illərdə həndbol sahəsindəki irəliləyişləri də bunun məntiqi nəticəsi kimi qiymətləndirib. Qaliblərə qarşıdakı beynəlxalq yarışlarda uğurlar arzulayan O.Abbasov finalda uduzan komandaların üzvlərinə ruhdan düşməməyi tövsiyə edib.

AZƏRTAC

Xəbər 1035 dəfə oxundu.