Göygöldə keçirilmiş taekvondo üzrə açıq rayon birinciliyində 570 idmançı mübarizə aparıb
Göygöl Olimpiya İdman Kompleksində 31 mart - azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş taekvondo üzrə açıq rayon birinciliyi keçirilib.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Taekvondo Federasiyasının və Göygöl Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunan yarışda ölkəmizlə yanaşı, İrandan və Gürcüstandan 35 komandanın heyətində 570 idmançı mübarizə aparıb.

Yarışda 2008-2009-cu, 2010-2011-ci il təvəllüdlü uşaqlar, 2005-2007-cı il təvəllüdlü yeniyetmələr və 2002-2004-cü il təvəllüdlü gənc oğlan və qız idmançılar güclərini sınayıblar.

“DAEDO international” taekvondo sistemi ilə keçirilmiş turnirin təşkilində məqsəd 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün mahiyyətini yetişməkdə olan nəslə aşılamaq, taekvondo idman növünün təbliği və inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılmasıdır.

Qaliblər rayon gənclər və idman idarəsinin diplom, kubok və medalları ilə təltif olunub.

Xəbər 845 dəfə oxundu.