Parakarateçi Sahib Əhədov Avropa çempionatının finalında mübarizə aparacaq
Azərbaycan karateçiləri İspaniyanın Quadalaxara şəhərində keçirilən 54-cü Avropa çempionatında mübarizəni davam etdirirlər.

Parakarate üzrə milli komandanın üzvü, dünya ikincisi Sahib Əhədov Avropa çempionatının finalına yüksəlib.

Gözdən zəif idmançılar arasında üç idmançıdan ibarət qrupda moldovalı və rusiyalı rəqiblərini qabaqlayan S.Əhədov 39,94 xalla qrup lideri olub. Martın 30-da həlledici görüşdə karateçimizin rəqibi Zviadi Vasadze (Gürcüstan) olacaq.
Milli komandanın lideri Rafael Ağayev (75 kq) da qitə çempionatının finalında mübarizə aparır. Bu gün həlledici görüşdə R.Ağayevin rəqibi italiyalı Luici Busadır.
Üç karateçimiz isə bürünc medal uğrunda mübarizə aparır. Asiman Qurbanlı (+84 kq) Ukrayna təmsilçisi Rizvan Talıbov, Nuranə Əliyeva (50 kq) serbiyalı Yelena Milivoyçeviç, Roman Heydərov (kata) isə almaniyalı İlya Smorquner ilə gücünü sınayacaq.

Xəbər 846 dəfə oxundu.