“Yelena Çalıxın uğurlu çıxışına inamımız böyükdür”
“Əsas məqsədimizdən biri bu idman növünün maddi-texniki bazasını yüksəltməkdir”. İdman.com.az saytı apasport.az-a istinədən xəbər verir ki, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.

Federasiya rəsmisi Azərbaycanda təşkil ediləcək ilk peşəkar yarış – mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr edilən veloturla bağlı bu gün keçirilmiş mətbuat konfransında bildirib ki, velosiped idmanının ölkəmizdə yeni mərhələyə qədəm qoyub. Onun sözünə görə, Fazil Məmmədov federasiya prezidenti seçildikdən sonra bu idman növü keçmiş günlərini qaytarır:

“Azərbaycanda velosiped idmanını inkişaf etdirmək və populyarlaşdırmaq üçün lazımı tədbirlər görürük. 20-25 il öncə bu idman növü ölkəmizdə olsa da, sonradan yox səviyyəsində idi. Artıq bizim idmançımız Yelena Çalıx London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. Həmçinin, Bakıda olan velotrek yaxın zamanlarda tam təmir olunacaq və idmançıların ixtiyarına veriləcək. Yəni gözəl bir velotrek tikməyi də planlaşdırırıq. Bundan əlavə, Bakı Bulvarında velosipedçilər üçün xüsusi cığır da hazırlanır. Bu isə idmanın bu növünün inkişafına öz töhfəsini verəcək”.

Ələkbərov bildirib ki, Olimpiya yığmamızın heyətində yer alacaq Çalıx London-2012-də özünü yaxşı tərəfdən göstərəcək: “O, Olimpiadaya iddialı yollanacaq. Uğurlu çıxışına inamımız böyükdür”.

Xəbər 984 dəfə oxundu.