AMKF-in respublika səviyyəli yarışları “Uventex Labs” şirkətinin proqramı ilə təşkil ediləcək
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təqviminə daxil edilən respublika səviyyəli yarışlar “Uventex Labs” şirkətinin proqramı ilə təşkil ediləcək.

AMKF-dən verilən məlumata görə, ABŞ-ın “Uventex Labs” şirkəti artıq 5 ildir müxtəlif idman tədbirlərinin idarə edilməsi, eləcə də idman kompleksləri və studiyalar üçün dünya səviyyəli məhsul təqdim edir. Şirkətin müəllif məhsulu indiyədək döyüş idman növləri, gimnastika, rəqs və bir sıra idman növlərində minlərcə turnirin təşkil olunmasında səmərəli istifadə edilib. Bu xüsusi proqram idman yarışlarının keçirilməsinin avtomatlaşdırılması və bütün proseslərin idarə olunmasına nəzarət etməyi təmin edir. Buraya yarış iştirakçılarının qeydiyyatı, turnir zamanı xalların daxil edilməsi, maliyyə hesabatları və digər əhəmiyyətli məqamlar da daxildir.

“Uventex Labs”, həmçinin milli Olimpiya komitələri, federasiyalar və liqaların dünya səviyyəsində menecmenti işlərini təqdim edir. Şirkət yeni yaranmasına baxmayaraq təcrübəli mütəxəssislərdən ibarət komanda ilə yanaşı, məhsullarını daimi təkmilləşdirir və dünya ölkələrində idman təşkilatları ilə əməkdaşlıq coğrafiyasını genişləndirməkdə davam edir.

Bu il 20 Yanvar şəhidlərinin xatirə turniri ilə yanaşı, 10-cu “Baku Open” beynəlxalq karate turniri ABŞ-ın "Uventex Labs" şirkətinin proqramı ilə Azərbaycanda keçirilən ikinci karate yarışıdır. Şirkətin məhsulu hər iki turnirdə uğurla istifadə edildiyindən, Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi "Uventex Labs"la rəsmi əməkdaşlıq etməyi qərara alıb.

Tərəflər arasında rəsmi müqaviləni AMKF-in prezidenti Yaşar Bəşirov və "Uventex Labs" şirkətinin rəhbəri Moşe Gerşberq və regional menecer Sergii Spasiçenko imzalayıblar. Şərtlərə əsasən, 2020-ci ilin sonunadək Dünya Karate Federasiyasının (WKF) qaydaları ilə keçirilən ölkədaxili yarışlarda şirkətin təqdim etdiyi avtomatlaşdırılmış idarəetmə proqramından istifadə ediləcək.

Xəbər 972 dəfə oxundu.