Badmintonçumuz “XX Giraldilla 2019” turnirində gümüş medal qazanıb
Kubanın paytaxtı Havana şəhərində “XX Giraldilla 2019” turnirinə yekun vurulub.

Azsport.az Azərbaycan Badminton Federasiyasına istinadla xəbər verir ki, kişilərin şəxsi yarışında ölkəmizi təmsil edən Ezmi Qovimuramadhoni mübarizəyə səkkizdəbir final mərhələsindən start verib. Badmintonçumuz ilk görüşündə Lüksemburq idmançısı Robert Mannı 2:0 (21-16,21-17) hesabı ilə məğlub edib. Dörddəbir finalda meksikalı Arturo Hernandez ilə qarşılaşan Ezmi rəqibi üzərində 2:0 (21-19,21-14) hesablı qələbə qazanıb. Ezmi yarımfinalda Kuba təmsilçisi Leodannis Martinez Palasio ilə yarışıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma badmintonçumuzun 2:1 (21-16,19-21,21-19) hesablı qələbəsi ilə başa çatıb. Ezmi həlledici final görüşündə Meksika idmançısı, turnirin 1 nömrəli reytinq favoriti Cob Kastilyo ilə qarşılaşıb. Görüş meksikalı badmintonçunun 2:0 (21-12,21-13) hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “XX Giraldilla 2019” turnirinin finalında uduzan Ezmi yarışın gümüş medalına sahib olub.

Xəbər 959 dəfə oxundu.