Xorvatiya “Dinamo”su yenə “Neftçi”yə rəqib olacaq?
Avropanın milli çempionatlarında mübarizə sona yaxınlaşdıqca, 2012/13 mövsümündə Çempionlar Liqasında iştirak edəcək klubların sayı artır. İdman.com.az saytının məlumatına görə, Unibank Premyer Liqasının sonuna 2 tur qalmış qızıl medallara sahib çıxan “Neftçi” də artıq adını iştirakçılar siyahısına əlavə etdirib.

“Ağ-qaralar” yarışa 2-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin komandaları gücünə görə 2 səbətə bölünəcək ki, təmsilçimizin “səpələnməmişlər” sırasında olacağı artıq indidən məlumdur. “Reykyavik” (İslandiya), TNS (Uels), “Flora” (Estoniya), “Şaxtyor” (Qazaxıstan), “Uliss” (Ermənistan) komandaları da çempionumuz kimi zəiflər sırasındadır.

“Səpələnməmiş” 17 klubun potensial rəqibləri sırasında isə artım baş verib. “Dinamo” (Xorvatiya), BATE (Belarus), “Helsinqborq” (İsveç), HİK (Finlandiya), “Ventspils” (Latviya) və “Maribor” (Sloveniya) klublarına daha 2 potensial rəqib əlavə olub. Bunlar Serbiyanın “Partizan” və İsveçrənin “Bazel” komandalarıdır. Onların hərəsi 1 dəfə Azərbaycan çempionuna gücünü göstərib. Serbiyalılar “İnter”i, isveçrəlilər “Bakı”nı mübarizədən kənarlaşdırıb.

II təsnifat mərhələsində çıxışı dəqiqləşən “Ekranas” (Litva), “Şemrok Rovers” (İrlandiya), “Molde” (Norveç), “Hapoel” (Kiryat-İrona, İsrail) komandalarının hansı səbətdə yer alacağı isə hələ tam müəyyənləşməyib.

Bundan başqa, I təsnifat mərhələsində çıxış edəcək 6 klubdan 3-ü də “Neftçi”ilə eyni səbətdə yer alacaq. Bu komandalardan da 4-ü məlumdur: “Lusitanos” (Andorra), “Valetta” (Malta), “Linfild” (Şimali İrlandiya), “Torshavn” (Farer adaları).

Şotlandiyanın “Seltik” klubu III təsnifat mərhələsindən mübarizəyə başlayacaqsa, qrup mərhələsinin 8 iştirakçısı da dəqiqləşib. Bunlar İngiltərə “Mançester Yunayted” və “Mançester Siti”si, İtaliya “Milan”ı və “Yuventus”u, Almaniya “Borussiya” (Dortmund) və “Şalke”si, Portuqaliya “Porto”su, Yunanıstan “Olinpiakos”u, Rusiya “Zenit”idir.

Xəbər 1083 dəfə oxundu.