Azərbaycan nümayəndə heyəti Avropa Velosipedçilər Birliyinin sayca 32-ci konqresində iştirak edib
Romada Avropa Velosipedçilər Birliyinin (UEC) sayca 32-ci konqresi keçirilib. Bu dəfə ki konqresin əsas səciyyəvi cəhəti onun ilk dəfə olaraq Afrika Velosipedçilər Konfederasiyası ilə birgə təşkil edilməsi olub.

Konqresdə ölkəmizi Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdən bir gün əvvəl konqres iştirakçılarının bir qrupu Vatikanda Roma Papası Fransisklə görüşüblər. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartyen öz çıxışında görüş üçün Papaya təşəkkürünü bildirib. Öz növbəsində, Vatikan rəhbəri konqres iştirakçıları ilə görüşündən məmnun olduğunu deyərək velosiped idmanının inkişafı üçün xeyir-dua verib.

Sayca 32-ci konqresdə Avropanın ali velosiped qurumuna üzv olan 43 ölkənin, həmçinin Afrika Velosipedçilər Konfederasiyasının 30 milli federasiyasının nümayəndələri iştirak ediblər. Müzakirə olunan əsas məsələlər sırasında Avropa Velosipedçilər Birliyinin 2021-ci il prezident seçkilərindən sonra Nizamnaməsinə müəyyən dəyişikliklər edilməsi ilə bağlı olub. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının tövsiyəsi əsasında UEC-in Rəhbər Komitəsinin 7 üzvünün ən azı ikisinin qadın olması qərara alınıb. Bundan başqa, UCI konqreslərində Avropa adından səsvermə hüququna malik 15 üzvdən də minimum 4-ü qadın olmalıdır.

Avropa Velosipedçilər Birliyinin prezidenti Rokko Kattaneo öz çıxışında konqresin işini yüksək qiymətləndirərək idarəetmədə qadınların rolunun artırılması istiqamətində ilk addım atan qitə qurumu olmaqdan məmnunluğunu ifadə edib. Bundan başqa, UEC rəhbəri aparılan müzakirələrin nəticəsi olaraq kiçik yaşlı velosipedçilər üçün beynəlxalq yarışların sayının artırılmasının və onların təqvim planına daxil edilməsinin də böyük əhəmiyyət daşıdığını deyib.

Xəbər 1267 dəfə oxundu.