“Azəryol” həndbol klubu liderlə xal fərqini aradan qaldırıb
Qadın həndbolçuların Azərbaycan çempionatında 16-cı turun oyunları keçirilib.

Azsport.az Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, baş mükafata namizədlərdən sayılan “Azəryol”un növbəti rəqibi “Gənclər birliyi” komandası olub. Gənc həndbolçular çox çalışsalar da, güclü rəqibin kəsərli hücumlarının qarşısını ala bilməyiblər. Nominal meydança sahibinin aşkar üstünlüyü şəraitində keçən qarşılaşma 53:26 hesabı ilə nəticələnib.

Daha gərgin idman mübarizəsi ilə yadda qalan “Qarabağ” – “İdman Akademiyası” matçında isə birincilər qələbə qazanıblar – 33:28.

Növbəti qələbəyə imza atan “Azəryol” lider “Azərsu” ilə xal fərqini aradan qaldırıb. Belə ki, bir oyun az keçirən “Azərsu”nun da 30 xalı var. “Qarabağ” 16 xalla üçüncü yerdə qərarlaşıb. Hərəyə 7 xalı olan “İdman Akademiyası” və “Olimpiya” komandaları 4-5-ci pillələri bölüşürlər. Hələ ki, xal qazana bilməyən “Gənclər birliyi” çempionatın autsayderidir.


Xəbər 996 dəfə oxundu.