Usmanov Britaniyada 1-ci olmaq istəyir
Böyük Britaniyanın ən varlıları siyahısında iki rusiyalı iş və futbol adamı ilk üçlükdə yerlərini qoruyublar. İdman.com.az saytının məlumatına görə, «The Sunday Times»ın versiyasına görə ilk pillə artıq 8 ildir ki, poladəritmə sahəsində «pul kəsən» hind maqnat Lakşmi Mittalın əlindədi. Onun hesabında 12,7 milyard funt var. Sonrakı yerləri iki London klubunun sahibi tutur. «Arsenal»ın səhmdarı Əlişir Usmanov hindli biznesmenə çox yaxınlaşıb. Onun varidatı 12,3 milyarddı. «Çelsi»nin sahibi Roman Abramoviç 9,5 milyardla 3-cü pillədədir.

Usmanov «Arsenal»ın səhmlərinin 30 faizinin sahibidir. O, «Rossiya-24» telekanalına müsahibəsində xarici klublara pul qoyulması məsələsinə toxunub: «Çoxları deyir ki, futbol klubuna pul qoymaq vətənpərvərlikdən uzaq bir şeydi. Ancaq mən deyirəm ki, bu, adi maliyyə yatırımıdır. Məsələn biz Facebook-a pul qoyanda və belə nəticə görəndə bizi heç kəs qınamır. Bu cür də olmalıdı. Belə halda pulu kənarda qazanıb vergini vətənə verirsən».

İş adamı bildirib ki, londonluların oyununa və Arsen Vengerin məşqçilik istedadına həsəd aparsa da, «topçular»da ancaq öz biznesini görür: «Arsenal»ın səhmlərini alanda onun dəyəri yarım milyard idi. İndi isə 1 milyarda çatıb. Bu biznesimdən çox razıyam. İstənilən halda da oradakı səhmlərimi artıracam».
Eyni zamanda o deyib ki, Rusiya klublarından gəlir gözləmək əbəsdir.

Xəbər 906 dəfə oxundu.