Azərbaycan güləşçisi London-2012-yə növbəti lisenziyanı qazandı
Çinin Tayuan şəhərində dünya olimpiya təsnifat turniri yekunlaşmaq üzrədir. İdman.com.az saytının məlumatına görə, son gündə yunan-Roma güləşçiləri ilə qadın pəhləvanlar mübarizə aparıblar. İlk 2 gündə olduğu kimi, son rəqabət günündə də millimiz London olimpiadasına 1 vəsiqə qazanıb. Bu uğura 96 kq-da güləşən Şalva Qadabadze (96 kq) sayəsində mümkün olub.

1-ci mübarizədə özbəkistanlı Yevgeni Açkasovu məyus edən (3:0, 0:1, 4:0) idmançımız, sonra ukraynalı Sergey Veroşkini üstələyib (2:1, 1:0). 1/4 finalda həmyerlimiz gürcüstanlı Soso Cabidzeyə qalib gələrək (1:0, 2:0), yarımfinala adlayıb. Bu mərhələdə o, çex David Vala ilə görüşüb. Təmsilçimiz hər 2 hissədə həmkarına qalib gələrək (2:1, 1:0), London oyunlarına 43-cü vəsiqəni əldə edib. Finalda titullu pəhləvanımız italiyalı Dayqoro Timoçini ilə görüşəcək.

Digər təmsilçilərimiz Məsud Həşimzadə (120 kq), qadınların mübarizəsində Anna Belyayeva (63 kq) və Natalya Palamarçuk (72 kq) 1/4 finalda uduzublar. Bu güləşçilər arasında Anna da olimpiadaya düşmək imkanını saxlayır. Təsəlliverici görüşlərdə bolqarıstanlı rəqibini (1:0, 2:0) üstələyən Belyayeva, bürünc mükafat uğrunda qarşılaşmada fransalı Odri Prietona qalib gəlib.

Xəbər 1267 dəfə oxundu.