Atletika üzrə Azərbaycan millisi 35-ci qış Avropa çempionatında onuncu olub
Atletika üzrə Azərbaycan millisi Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən atletika üzrə 35-ci qış Avropa çempionatında yekun sıralamada onuncu pillədə qərarlaşıb.

Azərbaycan Atletika Federasiyasından bildiriblər ki, idmançımız Nazim Babayev üçtəkanla tullanma yarışında ən yaxşı nəticə göstərərək qızıl medal qazanıb. O, yarışın sonuncu günündə dördüncü cəhddə 17,29 metr nəticə Avropa çempionu adına layiq görülüb.

Digər idmançımız Zəkiyyə Həsənova isə 60 metr məsafəyə qaçış yarışında uğur qazana bilməyib.

Avropa çempionatında iştirak edən komandaların qazandıqları medallara görə reytinq cədvəli müəyyənləşib. N.Babayevin qazandığı qızıl medal komandamızın Almaniya, Fransa, Ukrayna, Belarus, İsveç, Türkiyə kimi güclü komandaları qabaqlayaraq 10-cu pillədə qərarlaşmasını təmin edib.

Çempionatda medal siyahısına aktivində 5 qızıl və 2 gümüş medal olan Polşa komandası başçılıq edib. Yarışa ev sahibliyi edən Böyük Britaniya 4 qızıl, 6 gümüş və 2 bürünc medalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 3 qızıl, 2 gümüş və 1 bürünc medalla İspaniya tamamlayıb.

Xatırladaq ki, 35-ci dəfə təşkil olunan qış Avropa çempionatı ilk dəfə 1970-ci ildə keçirilib. “Qlazqo 2019”da qitənin 50 ölkəsindən 600-dən çox atlet mübarizə aparıb.

Azərbaycanlı atletlər federasiyanın baş katibi Məhərrəm Sultanzadənin rəhbərliyi ilə yarışıblar.

Xəbər 784 dəfə oxundu.