Masallıda rayon idmançıları ilə görüş keçirilib
Martın 4-də Masallı şəhərindəki Gənclər Mərkəzində 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar rayon idmançılarının bir qrupu ilə görüş keçirilib.

Tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ölkəmizdə əsasını ulu öndər Heydər Əliyevin qoyduğu idman siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Azərbaycan idmanın bugünkü inkişaf səviyyəsi gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir.

Cəlilabadlı idmançıların ölkədaxili və beynəlxalq yarışlarda böyük uğurlar qazandığını vurğulayan C.Manafov dövlət başçısının Sərəncamı ilə rayonun məşqçi-müəllimlərinə fəxri adların verilməsini onlara göstərilən qayğının təzahürü kimi dəyərləndirib.

Görüşdə çıxış edən Əməkdar bədən tərbiyəsi və idman xadimi Tahir Məmmədov, Əməkdar məşqçilər Ədalət Ağayev, Sufəddin Məmmədov və Famil Fərmanlı, məşqçi-müəllimlər Sadiq Ağayev, Sabir Lətifov, Natiq Eynullayev, Ramil Həsənov və başqaları bildiriblər ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına və idmançılara göstərdikləri diqqət və qayğı bütün idmansevərlər tərəfindən yüksək qiymətləndirilir. Bu qayğının nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir, bayrağımızı yüksəklərə qaldırırlar.

Sonda idmançıların bir qrupuna və onların məşqçi-müəllimlərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Xəbər 728 dəfə oxundu.